BOK tarixində yeni dövr: Kirsti Koventri ilk qadın prezident oldu

BOK tarixində yeni dövr: Kirsti Koventri ilk qadın prezident oldu

Zimbabveli Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 10-cu prezidenti seçilib. Bu gün Yunanıstanın Kosta-Navarino şəhərində keçirilən BOK-un 144-cü sessiyasında səsvermənin ilk turunda qalib gələn K.Koventri Beynəlxalq Olimpiya Komitəsi tarixində ilk qadın prezident olub. O, prezidentliyə namizədliyini irəli sürən Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Gimnastika Federasiyasını prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Xuan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti) və Şahzadə Faysal əl-Hüseyni (BOK-un İcraiyyə Şurasının üzvü) qabaqlayıb.

Beləliklə, üzgüçülük üzrə ikiqat Olimpiya çempionu olan Kirsti Koventri növbəti 8 il müddətində quruma rəhbərlik edəcək. O, iyunun 24-dən etibarən yeni vəzifəsinin icrasına rəsmi olaraq başlayacaq. Həmin vaxta qədər isə komitənin rəhbərliyi BOK-un ömürlük fəxri prezidenti seçilən Tomas Baxın öhdəsində olacaq.