14 yaşadək voleybolçulardan ibarət Azərbaycan çempionatı başa çatdı

14 yaşadək voleybolçulardan ibarət Azərbaycan çempionatı başa çatdı

14 yaşadək (U-14) voleybolçulardan ibarət Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən verilən məlumata görə, qızların yarımfinal oyunlarında “Azerreyl-2” klubu “Mingəçevir-1” komandasına, “Tovuz RVK” isə “Azerreyl-5” klubuna qalib gələrək finala vəsiqə qazanıblar. Oğlanların mübarizəsində isə “Sumqayıt RVK” “Oğuz RVK”nı, “Daşkəsən” klubu isə “Naxçıvan”ı məğlub edərək finala yüksəlib. 
Sonra bürünc və qızıl medal uğrunda oyunlara start verilib. Qızların üçüncü yer uğrunda oyununda “Azerreyl-5“ klubu 3:2 hesabı ilə “Mingəçevir-1“i, oğlanların mübarizəsində isə “Naxçıvan“ 3:0 hesabı ilə “Oğuz RVK“nı məğlub edərək yarışın bürünc medallarını qazanıblar. 
Qızların finalında “Azerreyl-2” klubu “Tovuz RVK”nı 3:0, oğlanların finalında isə “Daşkəsən” komandası “Sumqayıt RVK”nı 3:2 hesabları ilə məğlub edərək çempion olublar.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev təqdim ediblər.
Beləliklə, qızların birinciliyinin çempionu olan “Azərreyl-2” klubuna qızıl medal və kubok, “Tovuz RVK”ya gümüş, “Azərreyl-5” komandasına isə bürünc medallar təqdim edilib.
Oğlanların yarışının qalibi olan “Daşkəsən” klubuna qızıl medal və kubok, “Sumqayıt RVK”ya gümüş, “Naxçıvan” komandasına isə bürünc medallar verilib.
Sonda qaliblərlə xatirə şəkli çəkdirilib.