Zemfira Meftaxetdinova: “Hər dəfə bu sevgini hiss etdikcə, anlayıram ki, illər boyu çəkdiyim zəhmət dəyərsiz qalmayıb”

Zemfira Meftaxetdinova: “Hər dəfə bu sevgini hiss etdikcə, anlayıram ki, illər boyu çəkdiyim zəhmət dəyərsiz qalmayıb”

Bu gün Azərbaycan idmanının görkəmli simalarından biri, Olimpiya çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi Zemfira Meftaxetdinovanın doğum günüdür. Tanınmış idmançı, Azərbaycan idman tarixində silinməz izlər buraxan Zemfira Meftaxetdinova 62 yaşını qeyd edir.
Zemfira Meftaxetdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Atıcılıq idman növündə qazandığı böyük nailiyyətlərlə yanaşı, təşkilati və rəhbər sahələrdə də uğurla fəaliyyət göstərib. O, 2015–2023-cü illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə rəhbərlik edib. 2021-ci ildən isə Azərbaycan Atıcılıq Federasiyasının və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.
Peşəkar idman karyerası ərzində Zemfira xanım beş dəfə Avropa çempionu adını qazanıb, 1995 və 2001-ci illərdə dünya çempionatlarında birincilik əldə edib. 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında qazandığı qızıl medal isə onu Azərbaycanın qadınlar arasında ilk Olimpiya çempionu kimi tarixə yazıb. O, təkcə yarış meydanında deyil, həyat yolunda da iradəsi, əzmkarlığı və Vətənə sədaqəti ilə nümunə olub.
Göstərdiyi xidmətlərə görə müxtəlif illərdə ölkə rəhbərliyi tərəfindən yüksək təltiflərə layiq görülüb. O, “Şöhrət” ordeni, “Tərəqqi” medalı, Prezidentin Fəxri Diplomu ilə təltif olunub, eyni zamanda “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Doğum günü münasibətilə hisslərini bölüşən Zemfira Meftaxetdinova öncə xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edib:
“Bu gün həm də xalqımız üçün böyük əhəmiyyət kəsb edən Müstəqillik Günüdür. Bütün Azərbaycan xalqını bu əlamətdar və qürurverici bayram münasibətilə ürəkdən təbrik edir, dövlətimizin daim azad, müstəqil və güclü olmasını arzulayıram. Qoy üçrəngli bayrağımız hər zaman ucalarda dalğalansın, müstəqilliyimiz əbədi və dönməz olsun!”

Ad günü ilə bağlı isə Zemfira Meftaxetdinova belə deyib:
“Hər zaman ad günlərimi ailəmlə qeyd etmişəm. Bu il də ənənə dəyişmir - bu günü sevimli ailəmin və nəvəmin əhatəsində keçirirəm. Nəvəm bu gün dördüncü sinifi başa vurub və beşinci sinfə keçir, bu da mənim üçün ayrıca bir sevincdir. Gün boyu aldığım təbriklər, ünvanıma deyilən xoş sözlər məni olduqca duyğulandırır. Hər dəfə bu sevgini hiss etdikcə, bir daha anlayıram ki, illər boyu çəkdiyim zəhmət, etdiyim fədakarlıqlar dəyərsiz qalmayıb. Bu diqqət, bu münasibət mənim üçün ən böyük hədiyyədir. Fürsətdən istifadə edib ad günümü təbrik edən hər kəsə səmimi minnətdarlığımı bildirirəm.”

Azərbaycan idmanının canlı əfsanəsi olan Zemfira Meftaxetdinovanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ölkə idmanının inkişafında yeni-yeni uğurlar arzulayırıq.

Azər Əlizadə

Zemfira Meftaxetdinova: “Hər dəfə bu sevgini hiss etdikcə, anlayıram ki, illər boyu çəkdiyim zəhmət dəyərsiz qalmayıb” Zemfira Meftaxetdinova: “Hər dəfə bu sevgini hiss etdikcə, anlayıram ki, illər boyu çəkdiyim zəhmət dəyərsiz qalmayıb” Zemfira Meftaxetdinova: “Hər dəfə bu sevgini hiss etdikcə, anlayıram ki, illər boyu çəkdiyim zəhmət dəyərsiz qalmayıb” Zemfira Meftaxetdinova: “Hər dəfə bu sevgini hiss etdikcə, anlayıram ki, illər boyu çəkdiyim zəhmət dəyərsiz qalmayıb” Zemfira Meftaxetdinova: “Hər dəfə bu sevgini hiss etdikcə, anlayıram ki, illər boyu çəkdiyim zəhmət dəyərsiz qalmayıb”