Fevralın 8-9-da İsveçdə taekvondo üzrə "Trelleborq Open” turniri keçirilib. İlin ilk beynəlxalq yarışı komandamız üçün uğurlu alınıb. Belə ki, taekvondoçularımız "Trelloborq Open” turnirindən vətənə 3 qızıl, 1 gümüş və 2 bürünc medalla dönüblər. Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli yarışına gənclərdən ibarət yığma komandanın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə qatılan idmançılarımızdan Məhəmməd Məmmədov (-55 kq), Anar Mehdiyev (-45 kq), Kamil Abdulrazakov (-51 kq) qarşılaşdıqları rəqiblərinə qalib gələrək turnirin qızıl medalına layiq görülüblər. Səid Quliyev (-78 kq) isə final görüşündə məğlub olaraq gümüş medalla yiyələnib. Digər taekvondoçularımızdan Fizam Mehdiyev (-51 kq) və Əli İsazadə (-45 kq) isə yarışı bürünc medalla başa vurublar.