Portuqaliyanın paytaxtı Lissabonda karate üzrə keçirilən yeniyetmə və gənclər arasında növbəti Avropa çempionatına yekun vurulub. Məsul yarışdan vətənə dönən döyüş ustalarımız Lissabonda iki dəfə Azərbaycan bayrağını dalğalandırmağa müyəssər olublar. Belə ki, yarışda 16-17 yaşlı gənclər arasında Ülvi Qurbanov gümüş, Hüseyn Əliyev isə (-61 kq) bürünc mükafata sahib çıxıb. İdmançılarımıza uğurlu çıxışlarına görə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən pul mükafatları verilib.
Qeyd edək ki, yarış ərəfəsində Portuqaliyada Azərbaycan Milli Karate Federasiyası və Avropa Karate Federasiyasının (EKF) rəhbərliyi arasında görüş keçirilib. AMKF-in prezidenti Yaşar Bəşirov və l vitse-prezident İlham Qasımzadə, Dünya və Avropa Karate Federasiyalarının prezidenti Antonio Espinoz, baş katib Stepan Çelan və təşkilat komitəsinin sədri Esteban Perezlə görüşdə, Azərbaycanda idman karatesinin inkişafı və perspektivləri müzakirə olunub. Bununla yanaşı, Bakı 2015 l Avropa Oyunlarında karate üzrə yarışların keçirilməsi ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edək ki, Azərbaycan idmançıları I Avropa Oyunlarında karate üzrə favorit komandalardan hesab olunur.
Avropa oyunları ilə əlaqədar Bakıda iki dəfə rəsmi səfərdə olan A.Espinoz, baş katib Stepan Çelan və təşkilat komitəsinin sədri Esteban Perez qarşıdakı aylarda da paytaxtımıza gəlmək niyyətində olduqlarını bildiriblər. Görüş zamanı A.Espinoz Azərbaycanda idman karatesinin inkişafından söz açaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkə idmanına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. WKF prezidenti həmçinin karateçilərimizə dəstək verən AMKF-in Baş sponsoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə də minnətdarlığını bildirib.
Onu da deyək ki, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi idman karatesinin ölkəmizdə inkişafına dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutub. Bu tədbirlərin biri beynəlxalq turnirlərdə, xüsusilə də rəsmi yarışlarda əzmkarlıq göstərən idmançılara baş sponsor Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən "Əzmkar döyüşçü” mükafatının (qiymətli hədiyyə) verilməsi olacaq.
İlk belə mükafat Portuqaliyada yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında yeddiliyə düşən Şölə Həsənovaya (-47 kq) təqdim edilib. 3 döyüş keçirən Ş. Həsənova mükafatçılar sırasına düşə bilməsə də, rəqiblərinə ciddi müqavimət göstərə bilib.