İtaliyanın Kaorle şəhərində keçirilən sərbəst güləş üzrə U20 Avropa çempionatında Masallı rayonundan olan qadın güləşçimiz Ruzanna Məmmədova növbəti uğura imza atıb.
Olimpnews.az xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna Avropa çempionu adını qazanıb.
Ölkə millisinin üzvü R.Məmmədova çexiyalı Tereza Mraçkovaya "tuş"la, belaruslu Karina Fişçuka (UWW) isə 4:0 hesabıyla qalib gələrək yarımfinala, rusiyalı Yekaterina Radışevaya 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Həlledici görüşdə almaniyalı Leoni Steyqertlə tatami üstünə çıxan Ruzanna rəqibini məğlub edə bilib. 4:3 hesablı qələbə onu fəxri kürsünün ən yüksək pilləsinə qaldırıb.
Onu da bildirək ki, 19 yaşlı idmançı dəfələrlə Avropa, dünya çempionatlarının, beynəlxalq turnirlərin mükafatçısı, eləcə də dünya (U17) və üçqat Avropa (U17, U20, U20) çempionu olub.