Gənc taekvondoçular Sumqayıtda toplaşıblar

Gənc taekvondoçular Sumqayıtda toplaşıblar


Fevralın 15 -16-da Sumqayıt şəhər Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında Sumqayıt şəhər açıq birinciliyi təşkil olunub. Yarış Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Taekvondo Federasiyasının (ATF) birgə təşkilatçılığı ilə keçirilib. Birinciliyin ilk günü keçirilən açılış mərasimində Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev çıxış edərək, turnirin əhəmiyyətindən söz açıblar. Natiqlər ölkəmizdə və eləcə də Sumqayıt şəhərində fəaliyyət göstərən taekvondo bölmələrinin fəallığından söz açaraq, taekvondonun respublikamızda yüksək səviyyəli inkişafını sevindirici hal kimi dəyərləndiriblər. Çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq arenalarda uğurlu çıxışlarından danışıblar. Sonra dövlət himni səsləndirilərək, yarışlara start verilib.
Qeyd edək ki, yarışa respublikanın bölgələrində fəaliyyət göstərən müxtəlif klublardan 180-ə yaxın idmançı qatılıb. Qaliblərə təşkilatçılar tərəfindən diplom, medal və müxtəlif hədiyyələr təqdim olunub.