Astarada 9 gün davam edən “Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə rayon turnirinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 6 komanda yarışların dairəvi sistemi üzrə mübarizə aparıb.
Açılış və mükafatlandırma mərasimlərində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev iştirak ediblər.
Yekun nəticəyə əsasən Səncərədi kəndinin “Alaşa” komandası turnirin birincisi olub. “Stansiya” (Astara) komandası ikinci, "Astara Qaz" (Astara Qaz XC) komandası isə üçüncü olub. Birinci yeri qazanan komanda və komanda üzvləri Astara Olimpiya İdman Kompleksinin kuboku, medalları və diplomları ilə, ikinci və üçüncü yerləri qazanan komandalar və komanda üzvləri diplom və medalları ilə təltif olunublar.