Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) iki böyük idman zalını karateçilərin istifadəsinə verib.
"Şəfa” İdman Sağlamlıq Mərkəzində yeni tikilən zallarda milli komandalarımızın təlim-məşqləri üçün hər cür şərait yaradılıb. Zallar fiziki və taktiki hazırlıqlar üçün avadanlıqla təchiz edilib. Federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadə idmançıların mərkəzin ərazisindəki stadiondan, üzgüçülük hovuzundan və trenajor zalından da təmənnasız istifadə edə biləcəklərini deyib. Qeyd edilib ki, artıq böyüklərdən ibarət milli komandamız yeni zalda məşqlərə başlayıb. Digər zalda isə yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız hazırlıq keçəcəklər. Məşqçilər və hakimlər üçün də xüsusi otaqlar ayrılıb.
ABB "Şəfa” İdman Sağlamlıq Mərkəzində Milli Karate Federasiyasının yeni ofisini yaxın zamanlarda istifadəyə verəcək.