Gənc taekvondoçularımız dünya çempionatı və lisenziya turnirində....

Gənc taekvondoçularımız dünya çempionatı və lisenziya turnirində....



Martın 20-dən 26-dək Tayvanda taekvondo üzrə gənclər arasında 10-cu dünya çempionatı və 2014-cü ildə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri keçiriləcək. Dünən gənclərdən ibarət milli komandamız Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi altında Tayvana yola düşüblər. Dünya çempionatında ölkəmizi Anar Mehdiyev (-45 kq), Tağı Tağızadə (-48 kq), Kamil Abdurazakov, (-51 kq), Məhəmməd Məmmədov (-55 kq), Yusif Hüseynli (-59 kq), Əli Axundov (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Səid Quliyev (-73 kq), Elnur Məhərrəmov (-78 kq), Rəsul Kanamatov (+78 kq), İlayda Kardelen Çiftçi (-42 kq), Gözəl Xayrutdinova (-44 kq), Ceren Özbek (-46 kq), Safiye Polat (-49 kq), Səbinə Hacıəliyeva (-52 kq), Gülsüm Gültəkin (-55 kq), Zeyvi Kərimova (-59 kq), Betul Bakir (-63kq) təmsil edəcəklər. Təsnifat turnirində isə Məhəmməd Məmmədov (-55 kq), Zəlimxan Rəshidov (-63 kq), Səid Quliyev (-73 kq), Ceren Özbek (-44 kq), Safiye Polat (-49 kq), Gülhanım Yeshildal (-55 kq) ölkəmizin idman şərəfini qoruyacaqlar.
Qeyd edək ki, təsnifat turniri Olimpiya çəkiləri üzrə keçirilir və hər iştirakçı ölkəyə müvafiq olaraq, gənc oğlanlar və gənc qızlar arasında mümkün 5 Olimpiya çəki dərəcəsindən 3-də Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verilir.

....Böyükyaşlılar isə Hollandiyanın açıq çempionatında
Məlumat üçün bildirək ki, taekvondo üzrə böyüklərdən ibarət yığma komandamız isə dünən Hollandiyada keçirilən beynəlxalq turnirə yollanıb. Martın 15-16-da Eyndhoven şəhərində keçiriləcək Hollandiyanın açıq çempionatda 20 taekvondoçumuz mübarizə aparacaq. 41-cı dəfə təşkil edilən yarışda 45 ölkədən 1100-dək idmancı bacarığını nümayiş etdirəcək. İdmançılarımız bu yarışlara son hazırlıqları Azərbaycan Taekvondo Federasiyasının təlim-məşq zalında keçiblər.