Misir Ərəb Respublikasında keçirilən "Alexandria Open" beynəlxalq turniri Azərbaycan taekvondoçularının möhtəşəm zəfəri ilə başa çatıb. Turnirində müxtəlif yaş qurupları üzrə 13 ölkədən 500-dək idmançı iştirak edib.
Komandamız beynəlxalq turnirdə 5 qızıl, 9 gümüş və 6 bürünc medalla ümumi hesabda birinci olub.Taekvondoçularımızdan Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) qızıl medal qazanıblar. Məcid Sofiyev (54 kq), İlkin Şahbazov (74 kq), Bayraməli Vəliyev (87 kq), Aygül Abdullayeva (53 kq), Aytən Səmədli (62 kq), Xəyalə Quliyeva (46 kq), Hüseyn Mehrəliyev (68 kq), Surə Fərəcli (49 kq) və Günay Ağakişiyeva (57 kq) gümüş medallar qazanıblar.
Günay Ağayeva (53 kq), Türkanə Tahirli (49 kq), Səbinə Mikayılova (62 kq), Vüsal Məmmədov (58 kq), Fərid Tağızadə (87 kq), Ramin Abdullayev (80 kq) bürünc medala sahib olublar. Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu açıq turnirin mükafatçıları beynəlxalq reytinq xallarını da artırııblar. İdmançılarımız yarışa milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev, böyük məşqçi və qadınlardan ibarət yığmanın baş məşqçisi Gündüz Abdullayev, eləcə də kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanovun rəhbərliyi altında yola düşmüşdülər. Komandamız kişilərin yarışında birinci, qadınların mübarizəsində ikinci pillədə qərarlaşıb.