Martın 20-dən 26-dək Tayvanda taekvondo üzrə gənclər arasında dünya birinciliyi və Yeniyetmələrin Çinin Nanjinq şəhərində keçiriləcək II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri keçirilib. Hər iki yarış millimiz üçün uğurla nəticələnib.
İdmançılarımızdan Safiye Polat (-49 kq), Çeren Özbək (-44 kq), Gülhanım Yeşildal (-55 kq) və Səid Quliyev (-73 kq) təsnifat turnirində uğurla çıxış edərək yay Olimpiya oyunlarına lisenziya əldə ediblər. Olimpiya çəki dərəcələri üzrə keçirilən turnirdə hər iştirakçı ölkə oğlanlar və qızlar arasında mümkün 5 Olimpiya çəki dərəcəsindən 3-də lisenziya qazanmaq hüququna malik olub.
Təsnifat turnirinin ardından dörd gün ərzində keçirilən dünya birinciliyində 18 idmançı mübarizəyə qoşulub. Millimizin 3 üzvü medal əlavə edib. Taekvondoçumuz Məhəmməd Məmmədov (-55 kq) rəqibləri üzərində parlaq qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 73 kq çəki dərəcəsində Səid Quliyev finalda Rusiya idmançısına qızıl xalla məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Təmsilçimiz Safiye Polat (-49 kq) finala vəsiqə uğrunda döyüşdə İspaniya idmançısı Gorciaavona uduzaraq bürünc medala layiq görülüb.