Karate üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət əvvəlcə İstanbulda bir həftəlik beynəlxalq təlim-məşqlərdə iştirak edəcək.
İdmançılarımız qardaş ölkəyə birgə hazırlıqlara baş məşqçi Rəhman Hətəmov, baş məşqçinin köməkçisi Rəşad Hüseynov və kata üzrə böyük məşqçi Vahid Nəzərovun rəhbərliyi ilə 15 idmançı yola düşüb. Tanınmış karate ölkələrindən Türkiyə ilə yanaşı, Rusiya, Braziliya, İran və bir neçə milli komandanın qatılacağı təlim-məşqlərin ardından, komandalar aprelin 4-6-da ənənəvi "Bosphorus Open” beynəlxalq turnirdə iştirak edəcəklər. Bu yarışda karateçilərimiz fərdi, və komanda kumite yarışlarında qüvvələrini sınayacaqlar. İstanbuldakı yarışa yeniyetmə və gənclərdən ibarət milli komandamız da yola düşəcək. Yeniyetmələr arasında 14 idmançımız qüvvəsini sınayacaq. Beynəlxalq dərəcəli hakim Nərgiz Mehdiyeva yarışın referiləri arasında olacaq.
Boğaziçi turniri həm də böyüklərdən ibarət milli komandamız üçün mayın əvvəlində Finlandiyada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.