Karateçilərimiz İstanbulda qələbə qazanıblar

Karateçilərimiz İstanbulda qələbə qazanıblar



Karateçilərimiz İstanbulda keçirilən 27-ci beynəlxalq "Boğaziçi” turnirini zəfərlə başa vurublar. İdmançılarımız ümumilikdə 4-ü qızıl, 2-si gümüş və 10-u bürünc olmaqla 16 medal əldə ediblər. Kişilərdən ibarət milli komandamız kumite yarışının da qalibi olub.
Yarışın ilk günü yeniyetmə və gənclərdən ibarət yığma komandamız 8 medal qazanıb. Gənclər arasında Fəridə Əliyeva(+59 kq) 16-17 yaşlılar arasında çempion olub. Onunla eyni yaş qurupunda yarışan Ülvi Qurbanov (-55 kq), Hüseyin Əliyev (-61 kq), və Asiya Məlikova (-48 kq) bürünc medallara sahib olublar.
14-15 yaşlı gənclər arasına Fidan Teymurova (-47 kq), Murad Balakişiyev (-70 kq), Murad Hacızadə (+70 kq) və Roman Heydərov (kata) də bürünc medal qazanıblar.
Yarışın ikinci günü 18-20 yaşlı gənclər və böyüklərin döyüşləri keçirilib. Karateçilərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Turnirin favoritlərindən Rəfael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) çempion adına sahib çıxıblar. Rafiz Həsənov (-67 kq) və Tural Balcanlı (kata) yalnız finalda qələbəni əldən veriblər. Ayxan Mamayev (-84 kq) , Şahin Atamov və Orxan Heydərli (hər ikisi +84 kq) isə bürünc mükafatla kifayətlənməli olublar.
Beləliklə, turnirdə Türkiyə komandası I, Azərbaycan II, İran komandası isə III yerin sahibi olub.
Qeyd edək ki, kişilərdən ibarət milli komandamız fərdi kumitedə göstərdiyi nəticə ilə bütün ölkələri geridə qoyub.
Keçirilən kumite və kata yarışlarında Azərbaycan karateçiləri (kişilər və qadınlar) finalda İran idmançılarına 3:2 hesabı ilə qalib gələrək kuboka sahib çıxıblar. Qadınların yarışında komandamız medal qazananlar arasına düşə bilməyib. Türkiyə komandası İranı 2:1 hesabı ilə məğlub edib. Yarışda Türkiyə birinci, Azərbaycan ikinci, Səudiyyə Ərəbistanı üçüncü yeri əldə edib.
Xatırladaq ki, 4-6 aprel tarixlərində İstanbulun Qəzənfər Bilgə İdman Kompleksində keçirilən açıq turnirdə 16 ölkədən 756 idmançı iştirak edib.