Universal döyüşçülərimiz ilin ilk yarışına Rusiyada çıxıblar

Universal döyüşçülərimiz ilin ilk yarışına Rusiyada çıxıblar



Aprelin 3-6-da Rusiyanın Medin şəhərində 10-11, 12-13 yaşlı oğlanlar və qızlar arasında universal döyüş üzrə Avropa birinciliyi keçirilib. Yarışda ölkəmizi yığma komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 8 idmançı təmsil edib. Komandamızın üzvlərindən 10-11 yaşlı idmançılar arasında Xəyalə Kərimova (25 kq) bütün rəqiblərini üstələyərək çempion olub. Elnarə Namazova (28 kq) isə gümüş medala yiyələnib. 12-13 yaşlı idmançılar arasında Rasim İsmayılov (35 kq) və Həsən Əliyev (45 kq) yalnız finalda məğlub olaraq ikinci yeri tutublar.
Fuad Bağırov (45 kq) və Toğrul Quliyev (+55 kq) isə bürünc medala sahib çıxıblar. Avropa birinciliyində 26 ölkədən 250-yə yaxın idmançı bacarığını nümayiş etdirib. Komandanın Avropa birinciliyindəki çıxışı barədə məlumat verən yığmanın baş məşqçisi Elşən İsmayılov univrsal döyüşçülərimizin yarışdakı çıxışını yüksək qiymətləndirib: "Avropa birinciliyi 2014-cü ildə yığmanın iştirak etdiyi ilk yarış idi. Komanda mövsümə uğurla başlayıb. İyunda bu yaş qrupu üzrə yığmamız dünya birinciliyində iştirak edəcək. Qarşıda hər yaş qrupu üzrə yığmalarımızı mötəbər yarışlar gözləyir. Mayın 6-dan 10-dək Qusarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş ənənəvi beynəlxalq turnir və respublika çempionatı keçiriləcək. Komandanın əsas hazırlığı bu yarışlarda yüksək səviyyəli çıxışa yönəlib”.