Aprelin 4-6-da Belçikanın Lommel şəhərində təşkil edilən ənənəvi "Belqian Open” yarışda yeniyetmələrdən ibarət yığma taekvondo komandamız uğur qazanıb. Baş məşqçi Səbuhi Zülfüqarov, böyük məşqçi Sənan Həşimov və məşqçi-müəllim Rəşad Məmmədovun rəhbərlik etdiyi komandamız turnirdə 28 idmançı ilə təmsil olunub. Yığmamız yarışda 3 qızıl,1 gümüş və 9 bürünc medal qazanıb. Qeyd edək ki, millimiz komanda hesabında 13 medalla 4-cü pillədə qərarlaşıb.
Məlumat üçün bildirək ki, taekvondo üzrə böyüklərdən ibarət yığma komandamızın Avropa çempionatında iştirak edəcək heyəti açıqlanıb. May ayının 1-4-də Bakıda keçiriləcək yarışda kişi və qadın yığmalarımız tam heyətlə iştirak edəcəklər. Millimizin baş məşqçisi,Əməkdar məşqçi Ələkbər İmaməliyev yarışa qatılacaq heyətə Mikayıl Əliyev (-54 kq), Samir Cavadlı (-58 kq), Ayxan Tağızadə (-63 kq), Elvin Məmmədov (-68 kq), İlkin Şahbazov (-74 kq), Ramin Əzizov (-80 kq), Radik İsayev (-87 kq) və Ceyhun Həsənlini (+87 kq) cəlb edib. Qadınlardan ibarət milli komandamızın baş məşqçisi, Əməkdar məşqçi Gündüz Abdullayev isə dünya çempionatında Türkanə Tahirli (-46 kq), Patimat Abakarova (-49 kq), Hülya Oveyoğulları (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Səbinə Mikayılova (-62 kq), Fəridə Əzizova (-67 kq) və Marina Tedeyevaya (-73 kq) şans verəcək.
Qeyd edək ki, komandamız hazırda Qəbələdə təlim-məşq toplanışındadır.