Taekvondo üzrə ölkə birinciliyinə yekun vurulub

Taekvondo üzrə ölkə birinciliyinə yekun vurulub


Göyçay Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən taekvondo üzrə ölkə birinciliyi başa çatıb.
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 22 şəhər və rayondan 250 idmançı 11 çəki dərəcəsində mübarizə aparıb. Üç gün davam edən yarışda qızlar arasında müxtəlif çəki dərəcələrində Ofeliya Allahverdiyeva, Minayə Ələkbərova, Zalikə Babayeva, Sevda Pirseyidova, Nərgiz Məmmədzadə, Diana Hacıəliyeva, Elvira Süleymanova, Şəms İsayeva, Şəbnəm Məmmədova və Rafaella Hüseynova fərqləniblər. Oğlanlar arasında isə birinci yeri Elgün Həmidov, Yaşar Məmmədli, Aqşin Abdulov, Həsən Həsənov, Niyaz Zülfüqarlı, Coşqun Abdullayev, Sərxan Rəsulov, Nicat Musayev, Mehdi Tağıyev və Orxan Tağızadə tutublar.
İlk üç yeri tutan idmançılara diplom və medallar, pul mükafatı təqdim edilib. Birinci yeri tutan idmançılar isə yeniyetmələrdən ibarət yığma komandanın heyətinə cəlb olunaraq təlim-məşq toplanışlarında iştirak edəcəklər.
Xatırladaq ki, hazırda Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandası mayın 1-5-də Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə Qəbələdə təlim-məşq toplanışındadır.