Aprelin 20-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri başlayıb.
Ən güclü şahmatçılar arasında keçirilən, iki dövrədən ibarət bu turnirdə qələbə uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2881), Fabiano Karuana (İtaliya, 2783), Hikaru Nakamura (ABŞ, 2772), Sergey Karyakin (Rusiya, 2772), habelə Azərbaycanın iki nümayəndəsi - Şəhriyar Məmmədyarov (2760) və Teymur Rəcəbov (2713) mübarizə aparırlar.
Aprelin 19-da turnirin təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasiminə toplaşanlar əvvəlcə Vüqar Həşimovun xatirəsini bir dəqiqə sükutla yad ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov təbrik yarış iştirakçılarına müvəffəqiyyətlər arzulayıb. O, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib və ümidvar olduğunu bildirib ki, bu turnirdə ən güclü iştirakçı qalib gələcək. Nazim Veysov bu yarışın böyük əhəmiyyətini qeyd edərək deyib: "Bu turnirin məhz Şəmkirdə keçirilməsi bizim üçün böyük şərəfdir. Rayonumuz sürətlə inkişaf edir. Biz yarışların yüksək səviyyədə keçməsi və bütün qonaqlarımızın razı qalması üçün nə mümkündürsə, edəcəyik”.
Sonra çıxış üçün söz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verilib. İsmayıl İsmayılov çıxışına bu sözlərlə başlayıb: "Bu gün Azərbaycanda ölkə tarixində ən güclü şahmatçılardan birinin xatirəsinə həsr olunmuş turnir başlayır. Təəssüf ki, bu gün o, bizim aramızda yoxdur”. Sonra o, Vüqar Həşimovun nailiyyətlərini xatırladaraq vurğulayıb ki, 2009-cu ildə Avropa çempionatında bu şahmatçı yeddi saat davam edən gərgin mübarizədən sonra rəqibini məğlub edərək, Azərbaycan yığmasının qələbəsində çox mühüm rol oynamışdı. Nazir müavini onu da qeyd edib, son illər Azərbaycanda bir sıra böyük beynəlxalq turnirlər keçirilib və gələcəkdə də belə turnirlər keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov öz çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan şahmat məktəbinin formalaşmasında böyük rol oynayıb. Məhz ulu öndərin sayəsində ölkədə istedadlı şahmatçı nəsli yetişib. Azərbaycan Prezidenti İlham Əliyev də şahmatın inkişafına böyük diqqət yetirir.
Mahir Məmmədov onu da qeyd edib ki, ölkədə şahmatın inkişafı üzrə Dövlət Proqramı qəbul edilib. Son vaxtlar Azərbaycan əsl şahmat dövlətinə çevrilib. Hazırda Azərbaycan yığmasının Avropa çempionu olması faktı bunu təsdiq edir. 2016-cı ildə Dünya Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək. Bu, həqiqətən, möhtəşəm hadisədir.
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun atası Qasım Həşimov qeyd edib ki, bu turniri həm də Vüqarın dostlarının turniri adlandırmaq olar. O deyib: "Vüqar bu zalda əyləşən insanlarla şahmat oynayıb, onlarla birlikdə Azərbaycan üçün Avropa çempionu titulu qazanıb. Bu gün 100-cü gündür ki, Vüqar bizim aramızda yoxdur. Vüqar yalnız mənim yox, həm də bütün Azərbaycan xalqının oğlu idi. O, öz şahmat karyerası dövründə 80-dən çox medal qazanıb”. Qasım Həşimov turnirin təşkilatçısının - "Synergy Group” şirkətinin peşəkar işini də qeyd edib və bu yarışın ənənəvi hal alacağına ümid etdiyini bildirib.
Açılış mərasimində istedadlı Azərbaycan qrossmeysteri haqqında "Vüqar Həşimovun təbəssümü” adlı videoçarx nümayiş etdirilib.
Sonra Vüqar Həşimova və Şəmkir turnirinə həsr edilmiş marka təqdim olunub. Markanı turnirin apelyasiya komissiyasının rəhbəri, Vüqar Həşimovun dostu və məşqçilərindən biri - moldovalı qrossmeyster Viorel İordakesku təqdim edib. O deyib, Vüqar Həşimov ilə tanış olduğum gün mənim həyatımda ən xoşbəxt günlərdən biri idi. Vüqar mənim həyatımın, ailəmin bir hissəsinə çevrilib. Onun ölümü ilə sanki həyatımın bir hissəsini itirmişəm”.
"Synergy Group” şirkətinin Müşahidə Şurasının rəhbəri Riad Hüseynov turniri açıq elan edib.
Sonra püşkatma mərasimi keçirilib.
Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov püşkatma mərasimində iştirak edib. Püşkə əsasən Maqnus Karlsen birinci olub. Digər şahmatçılara aşağıdakı nömrələr düşüb: Fabiano Karuana - 5, Sergey Karyakin - 3, Hikaru Nakamura - 2, Şəhriyar Məmmədyarov - 6, Teymur Rəcəbov - 4.
Beləliklə, "A” turnirinin birinci turunda aşağıdakı cütlüklər qarşılaşıblar: Maqnus Karlsen - Şəhriyar Məmmədyarov, Hikaru Nakamura - Fabiano Karuana və Serqey Karyakin - Teymur Rəcəbov. Dünya çempionu ilə görüşdə şahmatçımız məğlub olub. Digər qarışılaşmalarda isə tərəflər heç-heçəyə razılaşıblar.
"B” turnirində iştirak edən şahmatçılara aşağıdakı nömrələr qismət olub: Van Hao - 5, Pavel Elyanov - 2, Etyen Bakro - 6, Radoslav Voytaşek - 1, Aleksandr Motılyov - 3, Rauf Məmmədov - 9, Eltac Səfərli - 4, Qədir Hüseynov - 7, Vasif Durarbəyli - 10, Nicat Abbasov - 8.
"B” turnirinin birinci turunda Radoslav Voytaşek (Polşa, 2716)- Vasif Durarbəyli (Azərbaycan, 2584), Pavel Elyanov (Ukrayna, 2732) - Rauf Məmmədov (Azərbaycan, 2660), Aleksandr Motılyov (Rusiya, 2685) - Nicat Abbasov (Azərbaycan, 2516), Eltac Səfərli (Azərbaycan, 2656) - Qədir Hüseynov (Azərbaycan, 2621), Van Hao (Çin, 2734) - Etyen Bakro (Fransa, 2722) cütlükləri qarşılaşıblar. Həmin görüşlərdə tərəflər yarım xalla kifayətləniblər. İkinci turda iki azərbaycanlı qrossmeysterin dueli heç-heçə başa çatıb. Karlsen 2-ci görüşündə də qələbə qazanıb. Karuana - Karyakin qarşılaşmasında isə qalib müəyyənləşməyib.
A turniri
1-ci tur
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Hikaru Nakamura (ABŞ) - Fabiano Karuana (İtaliya) - 0,5:0,5
Sergey Karyakin (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
2-ci tur
Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 1:0
Fabiano Karuana (İtaliya) - Sergey Karyakin (Ukrayna) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
B turniri
1-ci tur
Radoslav Voytaşek (Polşa, 2716) - Vasif Durarbəyli (Azərbaycan, 2584) - 0,5:0,5
Pavel Elyanov (Ukrayna, 2732) - Rauf Məmmədov (Azərbaycan, 2660) - 0,5:0,5
Aleksandr Motılyov (Rusiya, 2685) - Nicat Abbasov (Azərbaycan, 2516) - 0,5:0,5
Eltac Səfərli (Azərbaycan, 2656) - Qədir Hüseynov (Azərbaycan, 2621) - 0,5:0,5
Van Hao (Çin, 2734) - Etyen Bakro (Fransa, 2722) - 0,5:0,5
2-ci tur
Vasif Durarbəyli (Azərbaycan, 2584) - Etyen Bakro (Fransa, 2722) - 0:1
Qədir Hüseynov (Azərbaycan, 2621) - Van Hao (Çin, 2734) - 0,5:0,5
Nicat Abbasov (Azərbaycan, 2516) - Eltac Səfərli (Azərbaycan, 2656) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan, 2660) - Aleksandr Motılyov (Rusiya, 2685) - 0:1
Radoslav Voytaşek (Polşa, 2716) - Pavel Elyanov (Ukrayna, 2732) - 0:1
.........................................................................................................
Fəxriyar Cabbarov: "O, böyük həvəslə "Shamkir Chess 2014” turnirində iştiraka razılıq verdi”
"Shamkir Chess 2014” beynəlxalq turnirinin keçirilməsi Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun xatirəsinə dərin ehtiram xarakteri daşıyır. Biz bu turniri keçirməyi özümüzə borc bildik və mötəbər yarışı Vüqar Həşimovun xatirəsinə həsr etdik. Ümid edirəm ki, turnir yüksək səviyyədə keçəcək. Şəmkirə gələn bütün şahmatçılara təşəkkür edirəm”. Bu sözləri "Shamkir Chess 2014” turnirinin təşkilat komitəsinin sədri, "Synergy Group”un Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov yarışın əhəmiyyəti barədə jurnalistlərə açıqlamasında deyib. Fəxriyar Cabbarov şahmat tacının sahibi, dünya çempionu Maqnus Karlsenin turnirdə iştirakı ilə bağlı da fikirlərini bildirib: "Maqnus Karlsen böyük həvəslə "Shamkir Chess 2014”də iştirak etməyə razılaşdı və bununla Vüqar Həşimovun xatirəsinə dərin ehtiramını bildirdi.
Biz istəyirik ki, turnir ənənəvi xarakter daşısın və bunun üçün işlər görülür. Bu mötəbər turnir "Synergy Group”un şahmatda ilk addımıdır. Gələcəkdə də Azərbaycanda şahmat turnirlərinin keçirilməsini diqqətdə saxlayacağıq”.
Şəhriyar Məmmədyarov: "Karyeramda iki dəfə Karlsenə uduzmuşam”
Şəhriyar Məmmədyarov "Shamkir Chess 2014” turnirinin ilk turundan sonra keçirilən mətbuat konfransında məğlubiyyətinin səbəbi barədə danışıb: "Debüt ev tapşırığı idi. Sadəcə, bəzi məqamları yaddan çıxartdım. Belə vəziyyəti izləmişdim. Qara fiqurlarda problem olmalı deyildi. Amma dünyanın 1 nömrəli şahmatçısı səhvsiz oynadı və nəticəni gördük. Açılışda püşk atılanda ilk turun çətin olacağını bilirdim. Startda Maqnusa qarşı oynamaq çətindi. Orta turlarda olsa idi yaxşı olardı. Karyeramda iki dəfə Karlsenə uduzmuşam. Hər ikisi ilk turda olub. 2008-ci il Veyk-An-Zee turnirində və indi Şəmkirdə. İkinci dövrədə yenidən görüşəcəyik. Onda tam fərqli oyun olacaq.”
Maqnus Karlsen: "İlk turda vacib qələbə qazandım”
"Ağ fiqurlarla oynayırdım və demək olar ki, taktika seçimim düzgün oldu. Son üç klassik turnirin ilk turunda qələbə qazanmışam. Bu dəfə də belə oldu. Vacib qələbə əldə etdim. Şəmkirə maraqlı partiyalar üçün gəlmişəm. Əlbəttə, nəticə vacibdir. İstərdim, hər turda uğurlu çıxış edim”. Bunu şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen "Shamkir Chess 2014” turnirinin birinci turunda Şəhriyar Məmmədyarov ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib. Maqnus Karlsen, həmçinin Omandakı təlim-məşq toplanışı barədə danışıb: "Oman iqlim cəhətdən Azərbaycana yaxındır. Orada da hava isti idi. Ona görə məhz Omanı seçmişdim. Təşkilatçılıq barədə demək istərdim ki, hər şey çox yaxşıdır. Şəmkirdə olduğum müddətdə qonaqpərvərlik və yaxşı insanlar görmüşəm”. Dünya çempionu mötəbər turnirin yaxın dostu Vüqar Həşimova həsr olunmasını yüksək qiymətləndirib: "Vüqar mənə yaxın insan olub. Təqdir etdiyim şahmatçı idi. Ona böyük hörmətim var. Turnirin Vüqarın xatirəsinə həsr olunması yarışın əhəmiyyətini daha da artırır”.
Teymur Rəcəbov: "Debütdə bəzi problemlər oldu”
Qrossmeysterimiz Teymur Rəcəbov "Shamkir Chess 2014” turnirinin ilk turunda rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb. Qrossmeyster mətbuat konfransında görüş barəsində bunları deyib: "Debütdə bəzi problemlər oldu. Yəqin, gələcəkdə yenə bu debütü oynamaq imkanım olacaq. Heç-heçə hələ heç nə demək deyil. Qarşıda 8 tur var. Digər partiyalarla maraqlanmırdım. Karlsenin Şəhriyar üzərində qələbəsini gördüm. Bununla belə, şanslarla bağlı danışmaq hələ tezdir.
Sergey Karyakin: "Turnirdə mübarizəni hiss etmək hələlik çətindir”
Rusiya təmsilçisi Sergey Karyakin "Shamkir Chess 2014” turnirində Teymur Rəcəbovla heç-heçəylə başa çatan partiyadan sonra ilk tur haqda fikirlərini bölüşüb: "Teymur fransız müdafiəsi ilə məni təəccübləndirdi. Bir qədər üstünlük əldə etdim və sonradan heç-heçə ilə nəticələnəcək şərait yarandı. Bu mənim ardıcıl 3-cü turnirimdir. Bir qədər yorğunluq hiss olunur. Turnirdə mübarizəni hiss etmək hələlik çətindir. İlk turdan sonra Maqnus Karlsenin lider olması normaldı. Mən,adətən, digər rəqiblərimin partiyası ilə maraqlanmıram. Ona görə, əsas diqqəti öz oyunuma yönəldirəm.