Moskvanın Dövlət Kreml Sarayında döyüş növləri üzrə VII "Qızıl Kəmər” ("Zolotoy Poyas”) milli mükafatının təqdimetmə mərasimi keçirilib. Nüfuzlu idman tədbirinə müxtəlif ölkələrdən görkəmli idman və ictimai xadimlər dəvət olunub. Hər il olduğu kimi, Peşəkar Döyüş Növləri Assosiasiyasının prezidenti, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov fəxri qonaq kimi təntənəli mərasimdə iştirak edib.
Mükafatları təqdim etməzdən əvvəl Rusiya Federasiyasının Preizdenti Vladimir Putinin tədbir iştirakçılarına və laureatlara təbriki oxunub və rusiyalı döyüş ustalarının təqdimatında nümunəvi çıxışlar nümayiş etdirilib.
Rusiya Döyüş Növləri İttifaqının 2006-cı ildən təşkil etdiyi ənənəvi tədbirdə il ərzində xüsusilə fərqlənən idmançılar, məşqçilər və mütəxəssislər bir sıra nominasiyalarda mükafatlara layiq görülüblər. Onların arasında "İlin ən yaxşı məqçisi”, "İlin ən parlaq qələbəsi”, "Ənənələrə sədaqət” və "Vətənə xidmət” kimi nominasiyalar olub.