Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirildi
Aprelin 30-da Kempinski hoteldə ölkəmizin ev sahibliyi edəcəyi taekvando üzrə Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirildi.
Olimpnews.az-ın verdiyi xəbərə görə, konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu, Avropa Taekvondo İttifaqının (ETU) prezidenti Atanasios Praqalos və digər nümayəndələr iştirak edirdilər. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qitə çempionatının ölkəmizdə təşkil olunmasına etimad göstərdiyinə görə WTF-nin prezidenti Çunqvon Çu və ETU-nun prezidenti Atanasios Praqalosa təşəkkür etdi. İsmayıl İsmayılov yarışın yüksək səviyyədə keçəcəyinə inandığını söylədi.
WTF prezidenti Çunqvon Çu isə 2004-cü ildən Azərbaycana müntəzəm səfərlər etdiyini vurğuladı. O, Ümumdünya Taekvando Federasiyasına daxil olan 206 üzv ölkə içərisində Azərbaycanın xüsusi yer tutduğunu dedi: "Əvvəlcə Azərbaycanı böyük iqtisadi irəliləyişlərə görə təbrik edirəm. Hər səfərimdə burada böyük irəliləyişlər görürəm. Mən bu yarışa ETU tərəfindən dəvət olunmuşam. Səfər müddətində gələcək yarışları da müzakirə edəcəyik. Fikrimcə, Azərbaycanda Qran-pri, dünya çempionatı keçirmək də mümkündür. Azərbaycan artıq seçilmiş ölkələr sırasındadır. Bakıdakı Avropa çempionatı ən böyük və ən çox idmançının iştirak edəcəyi yarış olacaq. Əminəm ki, budəfəki Avropa çempionatı ən maraqlı taekvondo yarışı kimi yaddaşlarda qalacaq”. Taekvondonun Cənubi Koreyada yarandığını qeyd edən WTF prezidenti avropalıların da bu növdə böyük nailiyyətlərə imza atdığını vurğuladı: "Buyaxınlarda Taypeydə keçiriln gənclər arasında ilk dünya çempionatında yer alan ölkələrin əksəriyyəti Avropa qitəsini təmsil edirdi. Bunlar Praqalosun Avropada taekvondonun inkişafındakı xidmətlərinin nəticəsidir. Cənubi Koreya Azərbaycanda taekvondo mərkəzi təsis edib. Bu, regionda hələlik yeganə mərkəzdir. WTF-nin əməyi sayəsində taekvondo Avropada aparıcı növlərdən birinə çevrilib. İnanıram ki, Avropa çempionatında idmançılar yüksək reytinq xalları toplayaraq, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar”.
ETU-nun prezidenti Atanasios Praqalos isə Bakıda keçiriləcək Avropa çempionatını ölkəmizdə taekvondoya göstərilən diqqətin nəticəsi kimi dəyərləndirdi. O, Azərbaycan Taekvando Federasiyanın prezidenti Kəmaləddin Heydərova minnətdarlığını bildiridi.
Daha sonra qonaqlar jurnalistlərin suallarını cavablandırdılar.
Qeyd edək ki, taekvondo üzrə ilk Avropa çempionatı 1976-cı ildə İspaniyanın Barselona şəhərində təşkil olunub.
Məlumat üçün bildirək ki, Bakıdakı çempionatda 47 ölkədən 367 idmançı qüvvəsini sınayacaq.
Zaur Mehtiyev