Millimiz Avropa çempionatını beş medalla başa vurdu

Millimiz Avropa çempionatını beş medalla başa vurdu


Mayın 4-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub.Turnirin sonuncu günündə kişilər arasında 68, 74 kq, qadınların mübarizəsində isə 53 və 67 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Son yarış günündə Azərbaycanın dörd idmançısı qüvvəsini sınayıb.Birinci döyüşdən azad olan İlkin Şahbazov (74 kq) ikinci görüşünü Yunanıstan təmsilçisi Qeorqios Roditisə qarşı keçirib. Taekvandoçumuz yarışdan qalib ayrılıb. Dörddəbir finalda Portuqaliya taekvandoçusu Julio Ferreyraya qalib gələn İ.Şahbazov yarımfinala adlayıb. Yarımfinalda Fransa təmsilçisi Torann Maizeroiyə uduzan idmançımız bürünc medalla kifayətlənib. Digər taekvomdoçumuz Fəridə Əzizova (67 kq) əvvəlcə yunanıstanlı Evangeliya Anastasiadoulu yarışdan kənarlaşdırıb. Sonra Sloveniya təmsilçisi Franka Aniçi məğlub edən F.Əzizova yarımfinala yüksəlib. Bu mərhələdə Habi Niareyə məğlub olan F.Əzizova Avropa çempionatını üçüncü pillədə başa vurub.

Digər idmançılarımız Elvin Məmmədov (68 kq) və Hülya Oveyoğulları (53 kq) ilk görüşdə məğlub olaraq mükafatçılar sırasında yer ala bilməyiblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qadınların mübarizəsində Ana Zaninoviç (53 kq, Xorvatiya), Anastasiya Barışnikova (67 kq, Rusiya), kişilər arasında Servet Tazegül (68 kq, Türkiyə) və Albert Qaun (74 kq, Rusiya) fəxri kürsnün ən yüksək pilləsinə qalxıblar.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub. Ötən yarış günlərində Radik İsayev (87 kq) qızıl, Ramin Əzizov (80 kq) və Günay Ağakişiyeva (57 kq) isə bürünc medala sahib olublar.