Azərbaycanın Qırğızıstandakı səfirliyinin və hər iki ölkənin Kikboksinq Federasiyasının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Bişkekdə kikboksinq üzrə "Heydər Əliyev kuboku” uğrunda Azərbaycan-Mərkəzi Asiya turniri keçirilib.
Yarışlarda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan idmançıları iştirak ediblər.
Qırğızıstanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyi direktorunun müavini Bolot Motukeyev çıxış edərək "Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin gözəl təşəbbüs olduğunu diqqətə çatdırıb. O, son vaxtlar Azərbaycan ilə Qırğızıstan arasında idman sahəsində əlaqələrin genişləndiyini söyləyib.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə Orta Asiya ölkələrində də digər sahələrlə yanaşı, idmanın inkişafına xüsusi diqqət göstərirdi.
Səfir bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində mühüm işlər görülür. İdmançılarımız beynəlxalq yarışlarda, Olimpiya oyunlarında böyük uğurlar qazanırlar.
Diplomat 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini xatırladıb, bunun ölkəmizdə idmanın sürətlə inkişafının göstəricisi olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib və daha böyük qələbələrimiz hələ qarşıdadır.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O, dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi bu istiqamətdə mühüm xidmətlərini qeyd edib. Azərbaycanın beynəlxalq idman yarışlarına da ev sahibliyi etdiyini deyən A.Əliyev kikboksçularımızın nailiyyətlərindən söhbət açıb.
Qırğızıstanın əmək, miqrasiya və gənclər nazirinin müavini Marat Nuraliyev, Qırğızıstan Milli Olimpiya Komitəsinin rəhbəri Aleksandr Voinov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən idman sahəsində əlaqələrin inkişafı haqqında danışaraq, idmançılara uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib. Gərgin keçən yarışlar 6:6 hesabı ilə başa çatıb, idmançılara sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.
Salonda "Dostluq qələbə qazandı” şüarları səsləndirilib.