Filandiyanın Tampere şəhərində karate üzrə 39-cu Avropa çempionatı keçirilib. Yığmanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi altında ölkəmizi Asiman Qurbanlı, Niyazi Əliyev, Tural Ağalarzadə, Şahin Atamov, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət milli komanda təmsil edib. Komandamız çempionluq uğrunda mübarizədə 4 güclü rəqibinə qalib gəlib. Latviya komandasını 3:0, dünya çempionatının finalında hakimlərin dəstəyi ilə milli komandamıza qalib gələn Serbiyanı 2:1, yarımfinalda isə Hollandiyanı 2:0 hesabı ilə məğlub edən idmançılarımız finalda türkiyəli rəqiblərinə qalib gələrək tarix ilk dəfə komanda kumite yarışlarında Avropa çempionu adını qazanıblar.
Fərdi kumite yarışlarında Şahin Atamov (-84 kq) və Niyazi Əliyev (-67 kq) gümüş, Nuranə Əliyeva isə (-50 kq) bürünc mükafat qazanıb. Yekunda Azərbaycan medal qazanan 23 ölkə arasında 4-cü olub.
Qeyd edək ki, yarış çərçivəsində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyinin və Dünya və Avropa Karate Federasaiyasının (WKF və EKF) prezidenti Antonio Espinosla növbəti görüşü olub. AMKF prezidenti Yaşar Bəşirov və federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadə A.Espinosa Bakı-2015 ilk Avropa Oyunlarına son hazırlıq işləri ilə bağlı məlumat veriblər. Əvvəlki yarlşlar da daxil olmaqla, Tamperedəki Avropa çempionatında 3 idmançımızın fərdi kumitedə medal qazanması, milli komandamızın isə komanda kumite yarışının finalına çıxmasını yüksək qiymətləndirən Antonio Espionos, bu nəticəni Azərbaycanda idmanın və karatenin inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsi kimi dəyərləndirib. Dəfələrlə ölkəmizə etdiyi səfərindən xoş hisslərlə döndüyünü qeyd edən WKF və EKF prezidenti Bakı-2015 ilk Avropa Oyunlarında Avropa karate ailəsinin də məmnun qalacağına inandığını bildirib.