Mayın 6-dan 10-dək Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə kişi və qadınlar arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir təşkil olunacaq. Klassik və layt versiyaları üzrə keçiriləcək yarışda 16 ölkədən 400-dək idmançı bacarığını nümayiş etdirəcək. Yarışlar 10-11, 12-13, 14-15, 16-17, 18-20 yaş qrupu üzrə təşkil olunacaq. Xatırladaq ki, bu növ üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış ənənəvi olaraq 2004-cü ildən təşkil edilir. Builki yarışda əsas ümidlər dünya çempionları Nicat Əliyev (80 kq), Orxan Qurbanov (70 kq), Muradxan Fərzəliyev (85 kq) və Tahir Məsimova ( 90 kq) bəslənilir. Xatırladaq ki, bundan əvvəl təşkil olunan analoji yarışda yığma komandamız ümumi hesabda birinci yerə layiq görülmüşdü. Yarışın təşkili barədə qəzetimizə məlumat verən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov yarışın təşkili və idmançılarımızın rəqiblərindən söz açdı: "Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış federasiya tərəfindən ənənəvi olaraq 2004-cü ildən etibarən keçirilir. Qeyd edim ki, Azərbaycan Universal Döyüş Federasiyası Olimpiya və qeyri-olimpiya idman növləri arasında ilk dəfə ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi və daim yaddaşlarda yaşaması üçün xatirə turnirinin təşkili təşəbbüsü ilə çıxış etdi. İlk belə xatirə yarışı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirildi. O vaxtdan etibarən ümummilli liderin doğum gününə təsadüf edən tarixlərdə ənənəvi olaraq hər il yarışlar keçiririk. Budəfəki yarış da Qusar Olimpiya Kompleksində təşkil olunacaq. Bu gün bütün regionlarımızda inşa olunan Olimpiya idman kompleksləri mötəbər yarışları yüksək səviyyədə keçirməyə imkan verir. Bu yarışda iştirak edən idmançılarımız yığmaya cəlb olunaraq dünya və Avropa çempionatlarında iştirak etmək hüququ qazanırlar. Belə yarışların təşkili həmçinin gənclərin təcrübə qazanmaları baxımından da böyük əhəmiyyət kəsb edir. Qeyd edim ki, əvvəllər yarışlar böyük yaş qrupları üzrə təşkil olunurdusa, bu dəfə yeniyetmə və gənclər arasında da keçiriləcək. Turnirdə komandamızın əsas rəqibləri Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Rumıniya komandaları olacaq. Yarışdan əvvəl hakimlər üçün beynəlxalq seminar da keçiriləcək. Bu seminar da hakimlərin yeni qaydalarla tanış olması və biliklərinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir”.