Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı qeyri-Olimpiya idman növləri də geniş inkişaf etdirilir. Bu növlər üzrə keçirilən yarışlarda idmançılarımız ölkəmizi layiqincə təmsil edirlər. Şübhəsiz ki, qeyri-Olimpiya idman növləri arasında uğurlarımız ən çox karatedə qazanılır. Beynəlxalq yarışlarda respublikamızın adını ucaldan karateçilərimizdən biri də Beynəlxalq Simmey-do Karate Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Peşəkar Karate-do Akademiyasının direktoru, V dan qara kəmər sahibi Sabir Süleymandır. Təcrübəli idmançı ilə söhbətimizi oxuculara təqdim edirik.
- Karyeranız ərzində uğurlarınız çox olub. 2011-ci il isə sizin idman karyeranızda ən uğurlu illərdən biri sayılır. İstərdik ki, söhbətimizə həmin il qazandığınız nailiyyətlərinizdən başlayaq.
- 2011-ci ildə ilk yarışım Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən karate-do üzrə "Birlik” kuboku oldu. Beynəlxalq turnirin final görüşündə Qırğızıstan idmançısına qalib gələrək "Birlik” kubokunun sahibi oldum. Elə həmin il martın 5-6-da Göyçay Olimpiya Kompleksində keçirilən çoxmübarizəli döyüş idman növləri üzrə Azərbaycan çempionatında bütün rəqiblərimə qalib gələrək çempion tituluna yiyələndim. Bundan sonra milli komandanın tərkibində dünya çempionatına hazırlaşmağa başladım. Aprel ayında Ukraynanın Xarkov şəhərində keçirilən çoxmübarizəli döyüş idman növləri üzrə dünya çempionatında 6 döyüşə çıxdım. Bu döyüşlərin hamısında qalib gələrək fəxri kürsünün I pilləsinə qalxdım. Bu yarışda rəqiblərim Gürcustan, Moldova,Ukrayna, Rusiya, ABŞ və Polşa nümayəndələri idi. 2011-ci ilin oktyabr ayında Polşanın Mikolov şəhərində çoxmübarizəli döyüş idman növləri üzrə Avropa çempionatı təşkil olunmuşdu. Həmin turnirdə keçirdiyim 7 görüşdə qalib gələrək Avropa çempionu oldum. Onu da deyim ki, qazandığım nailiyyətlərə görə Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyası və "Araz” əlbəyaxa döyüş növləri klubu tərəfindən 2011-ci ildə ölkəmizdə qeyri-Olimpiya idman növləri üzrə ilin idmançısı seçilmişəm.
- Eşitdiyimizə görə, həmin görüşdə ciddi zədə almısınız ... - Mikolov şəhərində keçirilən qitə çempionatının final görüşündə Çexiya idmançısı ilə qarşılaşmalı idim. Yarımfinal görüşündə burnum sınmışdı. Daha böyük fəsadların olmaması üçün həkimlər heyəti məni final döyüşünə buraxmaq istəmirdi. Amma mən qələbəyə tam hazır idim. Uzun-uzadı danışıqlardan sonra tatamiyə çıxmağıma icazə verildi. Zədəli halda çıxdığım bu döyüşü vaxtından əvvəl bitirərək rəqibimə tam üstünlüklə qalib gəldim. Bu qalibiyyət mənə Avropa çempionu titulunu qazandırdı. Qitə çempionatında "Yarışın ən yüksək texnika sahibi " mükafatına da məni layiq gördülər. Bu turnirdən sonra Avropa Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyası məni, həmçinin maddi və mənəvi dəstəyə görə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyini federasiyanın fəxri üzvü seçdi.
- 2012-ci ildə Azərbaycan Kontakt Karate Federasiyası tərəfindən "İlin döyüşçüsü” nominasiyasının qalibi olmusunuz. Bu ad hansı uğurlarınıza görə verilib?
- Həmin ilin fevral ayında İranın Ərdəbil şəhərində keçirilən "Şərq ulduzları” beynəlxalq turnirində ən yüksək nəticə göstərərək qızıl medal qazandım. Elə həmin ay Hövsanda təşkil olunan kontakt karate üzrə Azərbaycan çempionatında rəqiblərimi məğlub edərək birinci yerə layiq görüldüm. Aprel ayında isə Rumıniyanın paytaxtı Buxarest şəhərində karate-do üzrə Avropa çempionatı keçirildi. Həmin turnirdə həm şəxsi döyüşlərdə, həm də komanda döyüşlərində qalib gələrək vətənə 2 qızıl medalla qayıtdım. May ayında Qazax şəhərində səkkizguşəli rinqdə Əliağa Şıxlinskinin xatirəsinə həsr olunmuş əlbəyaxa döyüş növləri üzrə turnir keçirildi. Bu yarışda bütün rəqiblərimi məğlub edərək öz çəkimdə turnirin qalibi oldum.
- İdman karyeranızın son döyüşünü də məhz iki il əvvəl keçirmisiniz. Yəqin ki, vida döyüşü karyeranızın ən məsuliyyətli qarşılaşması olub...
- Əlbəttə, axırıncı döyüşdə qalib gəlmək ən böyük arzum idi. Çox istəyirdim ki, rinqdən qalib idmançı kimi ayrılım. 2012-ci il oktyabrın 12-14-də İtaliyanın Milan şəhərində keçirilən karate-do üzrə dünya çempionatı mənin vida yarışım idi. Bu turnirə daha ciddi hazırlaşırdım. "Musado” idman cəmiyyətində gündə 2 dəfə olmaqla 4-5 saatlıq məşq edirdim. Karate-do növünün ən ali yarışında öz titulumu qoruyub saxlamaq və karyeramı gözəl nəticə ilə bitirmək mənim üçün çox vacib idi. Bu çempionatda ilk rəqibim Rusiya idmançısı oldu. Onu məğlub etdim və növbəti döyüşdə Estoniya təmsilçisinə qalib gəldim. Üçüncü qarşılaşmada ABŞ idmançısından, dördüncü döyüşdə isə Serbiya idmançısından üstün oldum. Yarımfinaldakı rəqibim Macarıstan karateçisi idi. Bu döyüşü də uğurla başa çatdırdım və finala vəsiqə qazandım. Onu da deyim ki, yarımfinalda macar idmançısının zərbəsi gözümdə ciddi problem yaratdı. Düşünürdüm ki, hər şey bitdi, finalda döyüşmək imkanım olmayacaq. Amma qalib gəlmək, idman karyeramı çempion kimi başa çatdırmaq həvəsim bütün qorxularıma qalib gəldi. Ağır zədə almağıma baxmayaraq, finalda qarşılaşdığım litvalı döyüşçünü məğlub etdim və üçünçü dəfə dünya çempionu titulunu qazandım.
- Siz həm də Beynəlxalq Simmey-do Karate Federasiyasının Azərbaycan üzrə nümayəndəsisiniz. İstərdik ki, bu barədə danışasınız.
- Onu deyim ki, Beynəlxalq Simmey-do karate Federasiyası dünyada tanınan idman təşkilatlarından biridir. Federasiyanın ofisləri Yaponiyanın paytaxtı Tokioda və Ukraynanın Odessa şəhərində yerləşir. 2013-cü ilin avqust ayında federasiyanın Azərbaycan üzrə nümayəndəsi seçilmişəm. Mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışıram. Düşünürəm ki, ölkəmizi belə bir beynəlxalq qurumda layiqincə təmsil etmək olduqca məsuliyyətli bir işdir. Məhz buna görə də ikiqat məsuliyyətlə çalışıram. İdmançılarımız da federasiyanın təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda uğurla çıxış edirlər. Sevinirəm ki, bu nailiyətlərdə mənim də payım var.
- Bu yaxınlarda Portuqaliyada keçirilən dünya çempionatında rəhbərlik etdiyiniz federasiyanın idmançıları da mübarizə apardılar. Nəticələr sizi qane etdimi?
- Portuqaliyanın Vaqus şəhəri IV qeyri-döyüş növləri üzrə dünya çempionatına ev sahibliyi etdi. Həmin yarışda 100-dən artıq ölkə 4 min idmançı ilə mübarizə aparırdı. 16 karateçi ilə Azərbaycan Vaqusa yollanmışdı. Çempionat yüksək səviyyədə keçirildi. Nəticələrimiz də ürəkaçan oldu. Belə ki, idmançılarımız bu yarışda 4 qızıl, 1 gümüş və 1 bürünc medal əldə etdilər. Mən federasiyamızın məşqçisi Siyavuş Bayramovun çıxışlarını xüsusi qeyd etmək istərdim. O, keçirdiyi 8 döyüşün hamısında qalib gəldi. Bizi ən çox sevindirən isə Siyavuşun erməni idmançıya tam üstünlüklə qalib gəlməsi idi. İnanıram ki, növbəti yarışlarda da uğurlarımız yetərincə olacaq.
- Siz 2 qat dünya , 3 qat Avropa çempionusunuz. Azərbaycan çempionatlarında isə 7 dəfə fəxri kürsünün I pilləsində yer almısınız. Bu cür qələbələr əldə edəcəyinizə inanırdınızmı ?
- Etiraf edim ki, bəzi yarışlara çox yüksək səviyyədə hazırlaşdığıma görə qalib gələcəyimi əvvəlcədən hiss edirdim. Sanki daxilimdəki səs tatamidən qalib kimi ayrılacağımı mənə deyirdi.
- Sabir müəllim, siz 2013-cü ildə "Olimpə doğru” jurnalının keçiridiyi nominasiyanın da qalibi olmusunuz...
- Hesab edirəm ki, gəncləri düzgün yola istiqamətləndirməkdə mətbuatın böyük rolu var. Azərbaycan gəncliyinə və idmanına bu qədər diqqət yetirməyiniz sizin qəzetin rəhbərliyinin, kollektivin vətənpərvərlik ruhundan irəli gəlir. Hiss olunur ki, ölkəmizdə və beynəlxalq aləmdə baş verən idman hadisələrini diqqətlə izləyirsiniz. Həmçinin, Azərbaycan idmançılarının nailiyyətləri sizin diqqətinizdən kənarda qalmır. Aparılan sorğuların nəticəsində il ərzində ən yaxşı uğurlar əldə edən atletləri müxtəlif nominasiyalarla qiymətləndirirsiniz. Hesab edirəm ki, bu amil idmançılara stimul verir. "Olimpiya dünyası” qəzetinə, "Olimpə doğru” jurnalına gələcək işlərində uğurlar arzulayıram. Sizə, bu çətin və məsuliyyətli sənətin daşıyıcıları olan jurnalistlərə idmançılara göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.
Hürrü Abdullayev