Ölkəmizdə idmanın bütün növlərinin inkişafına diqqət göstərilir. Məhz buna görədir ki, həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərində yetərincə uğurlarımız var. Şübhəsiz ki, nailiyyətlərin əldə edilməsi təkcə məşqlərdən asılı deyil. Məşqlərlə yanaşı, idmançıların hazırlığı üçün müxtəlif seminarların keçirilməsi də önəmli rol oynayır. Belə seminarlar idmançıların texniki hazırlığında xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası da hər il öz idmançıları üçün seminarlar təşkil edir. Elə buyaxınlarda federasıyanın prezidenti, 9-cu dan qara kəmər ustası Teyyub Əzizovun rəhbərliyi altında növbəti seminar keçirilib. Novxanı qəsəbəsində yerləşən "Barbados” istirahət mərkəzində təşkil olunan seminarda 200-ə qədər idmançı iştirak edib. Tədbir zamanı idmançılara karatenin bir çox sirləri aşılanıb.
Xırdalan qəsəbəsi 9 saylı məktəbin idman zalında isə Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının seminarı və imtahan keçirilib. Bu tədbirdə 70 nəfər karateçi iştirak edib. İdmançılardan 50 nəfəri imtahanda yüksək qiymət alıb. Federasiya prezidenti Teyyub Əzizov hesab edir ki, seminar və imtahanların keçirilməsi idmançıların təcrübəsini, bacarığını artırır: "Federasiyamız hər il seminar təşkil etməklə idmançılarımızın texniki hazırlığının yüksəldilməsinə çalışır. Belə seminarlarda kifayət qədər idmançı iştirak edir. "Barbados” istirahət mərkəzində təşkil etdiyimiz seminar bir daha göstərdi ki, yetirmələrimizin təcrübə qazanması baxımından, belə tədbirlər çox əhəmiyyətlidir. Əlbəttə, biz idmançılarımız üçün imtahanların keçirilməsini də diqqətdən kənarda saxlamırıq. İmtahan karateçilərimizin nəyə qadir olduğunu aydın şəkildə göstərir. Çalışırıq ki, hər bir idmançıya fərdi şəkildə yanaşaq . Onu da deyim ki, yetirmələrimiz həm seminarların, həm də imtahanların təşkilindən çox məmnun oldular”.