Bugünlərdə Milli Karate Federasiyasında yığıncaq keçirilib. Tədbir Finladiyanın Tampere şəhərində keçirilən Avropa çempionatı və Qətər Əmirliyinin paytaxtı Dohada olan yarışın uğurlu nəticələrinə həsr olunub.
İclasda Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezidentlər İlham Qasımzadə və Yusif Məmmədov, baş katib Mir Cabbar Seyidov, baş məşqçi Rəhman Hətəmov və başqaları fikirlərini bildiriblər. Federasiya rəhbərliyi ilk dəfə komandalar arasında Avropa çempionu olan milli komandamızın üzvlərini təbrik edib. Qeyd olunub ki, bu tarixi uğur federasiyanın 20 illik yubileyinə ən böyük töhfədir.
Tədbirdə qarşıda duran digər vəzifələr diqqətə çatdırılıb, cari məsələlər müzakirə olunub. Yığıncağın sonunda nailiyyət qazanan idmançılara növbəti beynəlxalq dan sertifikatları təqdim olunub. Federasiyanın vitse-prezidenti İlham Qasımzadəyə və hakimlər komitəsinin sədri Cahangir Babayevə 5-ci dan, dəfələrlə dünya və Avropa çempionu Rəfael Ağayevə isə 4-cü dan verilib.