«Olimpə doğru» jurnalının növbəti sayı çapdan çıxdı
«Olimpə doğru» jurnalının növbəti sayı çapdan çıxıb. Nəfis tərtibatda hazırlanmış jurnal əsasən, 2014-cü ilin 7-23 fevralında keçirilən Soçi XXII Qış Olimpiya Oyunlarına həsr edilib. İlk yazı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında konkisürmə yarışlarını izləməsi və adıçəkilən şəhərdə «Bakı-2015» birinci Avropa Oyunları Təşkilat Komitəsi adından ziyafət verilməsi ilə bağlıdır. «Olimpiya hərarəti şimal soyuğunu unutdurdu» başlıqlı yazıda idmansevərlər Azərbaycan idmançılarının olimpiadada çıxışları və bəzi maraqlı məşamlarla tanış ola biləcəklər. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin XXII Qış Olimpiadasının təşkili, idmançılarımızın bu yarışlarda iştirakı və Soçidə keçirilən «Bakı-2015» Birinci Avropa Oyunları ilə bağlı tədbir barədə fikirləri «Azərbaycan komandasının çıxışını yüksək qiymətləndirirəm» sərlöhvəli məqalədə öz əksini tapıb. «Olimpə doğru» jurnalının fotoobyektivində xüsusi yer alan Soçi Qış Olimpiadası ilə bağlı maraqlı kadrlar sizin də ürəyinizcə olacaq.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abiyevin iştirak etdiyi Olimpiya oyunlarında yaşadığı maraqlı anlar və xatirələri ilə bu sayımızda tanış ola bilərsiniz. Qəfil ölümü ilə hamını mat qoyan istedadlı və tanınmış qrossmeyster Vüqar Həşimovu «Şahmat qalaktikasında bir ulduz söndü» və ya hamını mat qoyan son gediş» yazısında daha yaxından tanıyacaqsınız. Ölkəmizin tanınmış döyüş klublarından biri olan «Araz» İdman klubu ilə bir daha «Olimpə doğru»nun mart sayında tanış ola bilərsiniz.
İdmansevərlər 2013-cü ilin yekunlarına görə və sorğu əsasında jurnalın 30 nominasiya üzrə müəyyənləşdirdiyi qalibləri ««Olimpə doğru» jurnalı ilin ən yaxşılarını mükafatlandırdı» yazısında tanıyacaqlar. Azərbaycan Qol Güləşi Federasiyası haqqında bu sayımızda yer alan yazı «Biz birlikdə güclü Azərbaycanıq» adlanır.