Azərbaycan idmançıları İtaliyada 8 medal qazandılar
İtaliyanın Verona şəhərində döyüş növləri üzrə dünya çempionatı keçirilib. Çempionatda budo döyüş növləri üzrə Azərbaycan milli komandası da iştirak edib.
On beş idmançımızın qatıldığı mundialda komandamız peşəkar sanda, S-1, full-kontakt, fri-kontakt, lou-kik və əlbəyaxa döyüş növləri üzrə yarışlarda səkkiz medal qazanıb.
Turnirdə 18 yaşdan yuxarı idmançıların mübarizəsində Emil Hacıyev (60 kq, sanda), Mərdan Vəliyev (70 kq, full-kontakt), Emin Süleymanov (75 kq, fri-kontakt), Cavid Tapdıqlı (85 kq, sanda) və Musa Abdullayev (86 kq, lou-kik) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Mundialda 13-15 yaşlı idmançıların fri-kontakt yarışlarında 56 kiloqram çəki dərəcəsində mübarizə aparmış Oğuz Qurbanlı gümüş medalla kifayətlənib. On səkkiz yaşadək idmançıların turnirində Nail Məmmədli (91 kq-dan yuxarı, full-kontakt) gümüş, Araz Abdullayev (91 kq-dan yuxarı, lou-kik) bürünc medal qazanıblar.
Qeyd edək ki, çempionatda ümumilikdə 20 döyüş növü üzrə yarışlar keçirilib.