Şəki beynəlxalq turnirə ev sahibliyi etdi

Şəki beynəlxalq turnirə ev sahibliyi etdi


Şəkidə Azərbaycan Milli Karate Federasiyası və Azərbaycan Beynəlxalq Bankının kuboku uğrunda gənclər və yeniyetmələr arasında beynəlxalq turniri keçirilib.
Şəki Olimpiya İdman Kompleksində təşkil olunan yarış Uşaqların Beynəlxalq Müdafiə Günü, həmçinin uşaq cinayətləri və narkomaniyaya qarşı mübarizəyə həsr olunub.
Turnirdə müxtəlif regionları təmsil edən yerli idmançılardan başqa, 6 ölkənin perspektivli karateçiləri də qüvvələrini sınayıb. Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Özbəkistandan 300-dən artıq idmançı iştirak edib. Fərdi kata və kumite yarışlarında uşaqlar 3 çəki dərəcəsində, yeniyetmə və gənclər isə 5 çəki dərəcəsində mübarizə aparıblar.
Yarışın açılış mərasimində AMKF-in prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə və Şəki şəhərinin rəsmi nümayəndələri çıxış ediblər. Natiqlər ölkəmizdə idmanın inkişafından danışaraq, əvvəlki illərlə müqayisədə, regionlarda karatenin daha da kütləviliyinə nail olunduğunu bildiriblər. Daha sonra federasiya adından karatenin inkişafında xidmətləri olan yerli nümayəndələrə və qonaqlara fəxri diplomlar, həmçinin bir neçə milli dərəcəli hakimə 3-cü dərəcə təqdim edilib. Dövlət himni səsləndirildikdən sonra beynəlxalq turnir final görüşləri ilə davam edib. Bakının "Qara qaplan” idman klubunun yetirmələri ən yüksək nəticə ilə qeyri-komanda hesabında birinci yeri tutublar.