"Sərhədçi” İdman Olimpiya Mərkəzində ölkəmizdə ilk dəfə keçirilən şinkyokuşin karate üzrə Avropa çempionatının açılış mərasimi olub.
Əvvəlcə meydana komandalar dəvət olunublar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mərasimdə çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. İsmayıl İsmayılov müavini idmançılarımızın beynəlxalq arenalarda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycanın dünyada qabaqcıl idman ölkəsi kimi tanınmasının bu sahəyə göstərilən dövlət qayğısının nəticəsi olduğunu vurğulayıb. Ölkəmizin bir sıra nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini xatırladan İsmayıl İsmayılov Azərbaycanda şinkyokuşin karate üzrə ilk dəfə təşkil olunan Avropa çempionatının gənclərin idmanın bu növünə marağının artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Dünya Karate Təşkilatının prezidenti Kenci Midori yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O, bu yarışın idmansevərlər üçün gözəl bayrama çevriləcəyinə əmin olduğunu deyib. Avropa Karate Təşkilatının vitse-prezidenti Romas Vitkauskas Azərbaycan karateçilərinin beynəlxalq arenada qazandıqları uğurlardan danışıb, ölkəmizin mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən məmnunluğunu diqqətə çatdırıb.
Azərbaycan Döyüş Növləri Federasiyaları Şurasının sədri Ülvi Quliyev ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb. İdmançılarımızın qazandığı nailiyyətlərdən söz açan Ülvi Quliyev əldə edilən uğurların Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğı sayəsində mümkün olduğunu bildirib.
Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərov bildirib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu idman siyasəti uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edir, ölkəmizin bayrağını dalğalandırırlar. Azərbaycanın irimiqyaslı idman yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayan Natiq Heydərov 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin bunun nəticəsi olduğunu deyib.
Bakıda təşkil olunan qitə birinciliyinə Avropanın ən güclü karateçilərin qatıldığını diqqətə çatdıran Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti idmançılara uğurlar arzuladı və çempionatı açıq elan edib.
Natiq Heydərov Kençi Midoriyə və Romas Vitkauskasa xatirə hədiyyələri təqdim edib.
Açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra idmançıların andiçmə mərasimi olub.
Avropa çempionatında 25-dən çox ölkədən 500-ə yaxın idmançı iştirak edib.