“Bayrağımızı ucaltmaq mənə sevinc bəxş etdi”

“Bayrağımızı ucaltmaq mənə sevinc bəxş etdi”



İdman ölkəmizdə sürətlə inkişaf edir. Gənclərimizin idmanla məşğul olması üçün hər cür şərait mövcuddur. Bu şərait, idmana, idmançılara göstərilən diqqət və qayğı idmançılarımızı daha da ruhlandırır. Təkcə Olimpiya idman növlərinə deyil, qeyri- olimpiya növlərinə də ölkə rəhbərliyi tərəfindən daim diqqət göstərilir. İdmana maraq göstərən gənclərimiz yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir, bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.
Buyaxınlarda Braziliyanın İquasu şəhərində keçirilən karate üzrə dünya çempionatında idmançılarımız 3 medal qazanıblar. Yarışda 8 idmançımız iştirak edib. Çempionatın ilk günü komanda yarışı keçirilib. İdmançılarımızdan bir neçəsi komanda yarışında zədə aldığına görə şəxsi yarışlarda iştirak edə bilməyiblər. Yarışda Elçin Bədəlov qızıl, Orxan Süleymanov gümüş, Nurlan Quliyev bürünc medal əldə edib. Çempion adını qazanan idmançımız Elçin Bədəlov final döyüşündə İtaliya idmançısı ilə qarşılaşıb. "Braziliyada keçirilən dünya çempionatında qızıl medal qazandığıma görə qürur hissi keçirirəm. 45 ölkənin iştirak etdiyi beynəlxalq yarışda himnimizi səsləndirmək, ölkəmizin bayrağını ucaltmaq mənə sevinc bəxş etdi. Yarışa ciddi hazırlaşmışdım. Ailə üzvlərim, təhsil aldığım Polis Akademiyasının müəllimləri qalib gələcəyimə böyük ümid bəsləyirdilər. Bu ümidi doğrultduğum üçün sevinirəm ", - deyə Elçin Bədəlov söylədi. Çəkdiyi zəhmətin hədər getməyəcəyinə inanan idmançı psixoloji hazırlığının lazımı səviyyədə olduğunu bildirdi. O, dünya çempionatında iştirak etmək üçün səylə çalışıb. Təhsil aldığı Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin göstərdiyi diqqət idmançının yarışa daha yaxşı hazırlaşmasına şərait yaradıb. Müəllimləri Ülvi Quliyevin, Nurəddin Quliyevin, məşqçi Malik Abbasovun zəhməti Elçini daha da həvəsləndirib. O, yarışda Braziliya, İtaliya və İngiltərə idmançıları ilə qarşılaşıb. İtaliya idmançısına 1-0 hesabı ilə qalib gələn idmançımız, ingiltərə idmançısına 2-0 , italiyalı rəqibinə 3-0 hesabı ilə üstün gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliya idmançısı hesabda öndə olan idmançımızın göz nahiyəsinə güclü zərbə endirib. Halbuki, bu, yarışın qaydalarına zidddir. Lakin aldığı zərbə Elçinin yarışı davam etməsinə mane ola bilməyib. O, əzmkarlıq nümayiş edərək döyüşü qələbə ilə başa çatdırıb.

İdmançının fiziki və texniki hazırlığı qalib gəlmək üçün əsas meyardır. Bu xüsusiyyətlər idmançının uğur qazanmasına zəmin yaradır. Təbii ki, psixoloji hazırlıq, özünəinam amilləri də uğura aparan yoldur. Bu xüsusiyyətlərə sahib olan Elçin idmanla bərabər, təhsilə də böyük diqqət göstərir. Yüksək mədəniyyətə, nizam-intizama sahib olan Elçin Polis Akademiyasının 4-cü kurs tələbəsidir. İdmançının dünya çempionu adını qazanması təhsil aldığı Polis Akademiyasında diqqətlə qarşılanıb. Elçinin atası Iqrar müəllim oğlunun vətənpərvər övlad, əlacı tələbə olması ilə fərəhlənir. Elçinin idman sahəsində qazandığı uğurlar anası İradə xanımın da böyük sevincinə səbəb olur.
İdmançı uğur qazanmasının səbəbini həm də mütəmadi məşq etməkdə görür. Onun qazandığı uğurlarda məşqçi Mailk Abbasovun böyük əməyi olub. Oxuduğu Polis Akademiyasında çalışan müəllimlər Elçin Rzazadə və Nurəddin Mehdizadə Elçinin yaxşı idmançı kimi formalaşmasında öz səylərini əsirgəməyiblər.
Karete-do Federasiyasının prezidenti Nurəddin Quliyev qeyd etdi ki, Braziliyada keçirilən dünya çempionatında 45 ölkənin idmançıları iştirak edib. "Şotokan növü üzrə yarışan idmançı Elçin Bədəlovun çıxışı olduqca çətin keçdi. Qürurla deyə bilərəm ki, Elçin gərgin keçən mübarizənin sonunda rəqiblərinə böyük üstünlüklə qalib gəldi. O, yarışa çox yaxşı hazırlaşmışdı. Psixoloji cəhətdən də Elçin yarışa tam hazır idi. Bütün bunlar onun qalib olmaq şansını artırırdı. Yarışda hakimlər idmançılara qarşı açıq-aşkar haqsızlıq edirdilər. Bunun qarşısını almaq üçün beynəlxalq karete-do federasiyasının prezidentinə iradımı bildirdim. Çempionatda ədaləti qoruyan 30 hakimdən 26-si braziliyalı idi. Bu isə braziliyalı idmançılara yüksək xalın verilməsi ilə nəticələnirdi. Ciddi etirazımdan sonra hakimlər müəyyən qədər ədalətli olmağa çalışdılar”, - deyə federasiya prezidenti bildirdi. O qeyd etdi ki, Elçin texniki və psixoloji hazırllğı ilə idmançılar arasında seçilirdi. Dünya çempionu adını qazanmağı qarşısına məqsəd qoymuşdu. Elçin üçün məşq etmək ikiqat çətin idi. Çünki, o, dərslərində də geri qalmamalı, ona bəslənilən ümidləri doğrultmalı idi.
Məşqçi Malik Abbasov qeyd etdi ki, Elçin yarışa olduqca böyük həvəslə hazırlaşmışdı. Nizam-intizama riayət etməsi, fiziki və texniki hazırlığı onun qalib gəlmək şansını artırdı.
Məlumat üçün bildirək ki, Elçin 1992-ci ildə Bakıda doğulub. Nərimanov rayonunda yerləşən 43 saylı məktəbdə oxuyub. Heydər Əliyev adına litseydə təhsilili davam etdirib. Dərs əlaçısı olan Elçin litseyi əla qiymətlərlə başa vurub. 2010-cu ildə o, Polis Akademiyasına daxil olub. O, 2012-ci ildə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin qalibi adını qazanıb. Əlbəyaxa döyüş növləri üzrə keçirilən birincilikdə yüksək nəticə əldə edib. 2014-cü ilin may ayında Braziliyada keçirilən dünya çempionatında isə Elçin qızıl medal əldə etdi. Bu, idmançının beynəlxalq yarışda qazandığı ilk uğurdur. O, bundan sonra da idmanda yüksək nailiyyətlər əldə etmək, beynəlxalq yarışlarda ölkəmizin bayrağını yüksəltmək arzusundadır .
"Beynəlxalq yarışda qalib olmaq, çempion adını qazanmaq ən böyük arzum idi. Sevinirəm ki, bu arzuma çatmışam. Dünya çempionatında himnimizi sələndirməkdən qürur duyuram. Bu hissləri sözlə ifadə etmək çətindir. Bu mənim beynəlxalq yarışda qazandığım ilk yüksək nailiyyətdir. Bundan sonra da çalışacağam ki, qazandığım uğurların sayı çox olsun”, - deyə Elçin Bədəlov söhbətimizi yekunlaşdırdı.
Jalə Rzabəyli