Adil Paşayev: “Əsas məqsədimiz uşaq otüstü hokkeyinin kütləviliyinə nail olmaqdır”

Adil Paşayev: “Əsas məqsədimiz uşaq otüstü hokkeyinin kütləviliyinə nail olmaqdır”

Azərbaycan Otüstü Hokkey Federasiyası bu növün uşaqlar arasında geniş yayılması məqsədilə xüsusi layihə həyata keçirir. Layihəyə uyğun olaraq, bir sıra orta məktəblərin bədən tərbiyəsi müəllimləri nəzəri və praktik məşğələlərə cəlb olunublar. Bu məsələ, eləcə də otüstü hokkey komandalarımızın qitə miqyaslı turnirlərdə çıxışları barədə məlumat almaq üçün federasiyanın baş katibi, əməkdar məşqçi Adil Paşayevlə görüşdük.

- Adil müəllim, belə bir layihənin həyata keçirilməsi kimin təşəbbüsüdür və məqsəd nədir?
- Azərbaycanda bütün idman növlərinin inkişafına diqqət göstərilir. Eləcə də otüstü hokkeyə. Bu növdə nailiyyətlərimiz qənaətbəxşdir. Həm yığma komandalarımız, həm də ayrı-ayrı klublarımız beynəlxalq aləmdə tanınır. Bununla belə, qeyd etməliyəm ki, otüstü hokkeyin uşaqlar arasında kütləviliyinə nail olmaq üçün çox iş görülməlidir. Məhz bu səbəbdən Otüstü Hokkey Federasiyası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə razılıq əsasında böyük layihə hazırlayıb və həmin layihə ötən ilin noyabr ayından həyata keçirilir. Biz Bakı və Sumqayıtın ayrı-ayrı məktəblərindən olan bədən tərbiyəsi müəllimlərinə nəzəri və praktik məşğələlər keçirik. Həmin müəllimlər 6 aydır ki, həftənin bazar günləri seminarlarda iştirak edirlər. Seminarlar bizim məşqçilərimiz tərəfindən aparılır. Əsas məqsədimiz uşaq otüstü hokkeyinin kütləviliyinə nail olmaqdır.

- Seminarlara cəlb olunan müəllimlərə hansısa sənəd verilirmi?
- Bəli. Qeyd etdiyim kimi, məşğələlərdə Bakı və Sumqayıtın ayrı-ayrı məktəblərinin bədən tərbiyəsi müəllimləri iştirak edirlər. Onlar burada otüstü hokkeyin sirlərinə yiyələnirlər. Həmin müəllimlər əldə etdikləri bilikləri məktəblərdə uşaqlara öyrədəcəklər. Otüstü hokkey dərsləri məktəblərdə dərsdənkənar məşğələlərin proqramına daxil ediləcək. Yəni uşaqlar dərsdənkənar məşğələlərdə otüstü hokkeyin texnikasına yiyələnəcəkər. Yeri gəlmişkən deyim ki, ötən ilin noyabr ayında start verdiyimiz nəzəri və praktik məşğələləri uğurla başa çatdıran 31 müəllimə iyun ayının 1-də sertifikatlar təqdim olundu. Qeyd edim ki, məşqçilərimiz sertifikat alan müəllimlərə məşqlərdə kömək edəcəklər.

- Sertifikat alanlar arasında keçmiş hokkeyçilər də varmı?
- Əvvəlcə onu deyim ki, seminarlara Bakının 19, Sumqayıtın isə 9 orta məktəbinin müəllimləri cəlb edilib. Sumqayıtı təmsil edən 9 müəllimdən 8-i keçmiş hokkeyçilərdir. Bakı müəllimlərindən isə 3-ü keçmişdə hokkeyçi olub. Bu cür təcrübəli insanların layihədə iştirakı bu işin uğurla nəticələnməsinə stimul verir.

- Adil müəllim, otüstü hokkey dərslərinə cəlb olunan məktəblilər arasında yaş məhdudiyyəti olacaqmı?
- Məşğələlərə 2000-2001-2002-ci illər təvəllüdlü oğlanlar və qızların cəlb edilməsi nəzərdə tutulub. İstəyirik ki, bu uşaqlar otüstü hokkeyin sirlərinə yiyələnsinlər. Onların arasında ən bacarıqlıları, perspektivliləri seçərək komandalarımıza qəbul edəcəyik. Bu prosses davam etdikcə bu növ də uşaqlar arasında geniş yayılacaq.


- Maraqlıdır, bəs bu müəllimlərin, eləcə də uşaqların idman avadanlığı ilə təchizatı necə olacaq?
- Əvvəlcə onu qeyd edim ki, Otüstü Hokkey Federasiyasında təchizatla bağlı heç bir problem yoxdur. Federasiya prezidenti Fazil Məmmədov, həmçinin vitse-prezident Namiq Əliyevin diqqəti sayəsində bütün problemlərimiz öz həllini tapır. Hokkey dərslərində iştirak edəcək uşaqlar da avadanlıq baxımından heç bir çətinliklə üzləşməyəcəklər. Biz Hindistandan 30 dəst qapıçı forması, 600 ədəd qoruyucu, 1300 ədəd hokkey çubuğu, həmçinin 3 min top gətirmişik. Bu avadanlıqların bir qismi müəllimlərə və uşaqlara paylanılacaq. Oktyabr - noyabr aylarında Bakıdakı stadionda mini otüstü hokkey yarışları təşkil edəcəyik. Orta məktəblərdə təlim keçən uşaqlar həmin yarışlarda qüvvələrini sınayacaqlar. Ən yaxşılar seçilərək komandalara cəlb olunacaqlar. Düşünürəm ki, həyata keçirəcəyimiz bu işlər gələcəkdə komandalarımızda yerli hokkeyçilərin üstünlük təşkil etməsinə imkan verəcək.

- Adil müəllim, istərdik ki, hokkey komandalarımızın növbəti yarışları barədə danışasınız. Bilirik ki, "Atasport” və "Akkord” klubları bir neçə gündən sonra beynəlxalq turnirlərdə mübarizəyə qoşulacaqlar.
- Kişi otüstü hokkeyçilərdən ibarət "Atasport” və "Akkord” klubları Avropa Çempionlar kuboku turnirində mübarizə aparacaqlar. Həmin yarışa hazırlıq işləri yüksək səviyyədə aparılıb. Ölkəmizin hər 2 təmsilçisi oyunlarını iyunun 6-9-da keçirəcək. Qitəmiqyaslı yarışa "Çelenc 4” turnirindən başlayan Azərbaycan çempionu "Akkord” bu mövsüm Çexiyanın Rakovnik şəhərində daha nüfuzlu turnirdə - "Çelenc 1”-də yarışacaq. "B” qrupuna daxil olan həmyerlilərimiz İsveçrənin "Rot Veiss Vettingen” və yerli "Rakovnik” komandalarına qarşı mübarizə aparacaqlar. Bu qrupun 4-cü iştirakçısı - Belarusun "Minsk” klubu son anda yarışdan imtina etdiyinə görə, "Akkord” birinci mərhələdə 2 oyun keçirməli olacaq. "Akkord” hokkeyçiləri ilk görüşlərini iyunun 6-da "Rot Veiss Vettingen”ə qarşı keçirəcəklər. Bir günlük istirahətdən sonra komandamız meydan sahibləri "Rakovnik” hokkeyçiləri ilə qarşılaşacaq. Turnirin sonuncu günü- iyunun 9-da pley-off oyunları olacaq. Qruplarda I-II yerləri tutanlar həmin gün çarpaz üsulla görüşəcəklər. Qaliblər gələn ildən "Trofi” diviziyonunda yarışmaq hüququ əldə edəcəklər.Bildiyiniz kimi, "Atasport” klubu isə artıq ötən il bu hüquqa sahib olub və cari mövsüm "Trofi” divizionunda debüt edəcək. İtaliyanın Kagliari şəhərində keçirilən yarışın "B” qrupuna daxil olan hokkeyçilərimiz ilk oyunda Avstriyanın "Navax AHTC Vien” klubu ilə qarşılaşacaq. Ertəsi gün "Atasport”-un rəqibi yerli "Bra” komandası olacaq. İyunun 8-də isə komandamız İrlandiya təmsilçisi "Monkstaun” klubu ilə qarşılaşacaq. Yarışın axırıncı günü qruplarda müvafiq yerləri tutan iştirakçılar pley-off mərhələsində bir-biri ilə qarşılaşacaqlar. Qeyd edim ki, bu turnirdə ilk 2 yeri tutanlar yüksək dəstəyə vəsiqə qazanacaqlar. Bizim əsas istəyimiz odur ki, komandalarımız yüksək nəticə göstərsinlər. Belə olan halda biz reytinq cədvəlində yer ala biləcəyik. Bu isə komandalarımıza Çempionlar Liqasında çıxış etmək hüququ verəcək.

- Qeyd etdiniz ki, otüstü hokkeyin uşaqlar arasında kütləvi şəkildə yayılması legionerlərə tələbatı azaldacaq. Ümumiyyətlə, legionerlərə münasibətimiz necədir?
- Əvvəlcə onu deyim ki, bəzən legionerləri dəvət etməyə məcbur oluruq. Məsələn, götürək otüstü hokkeyi. Qızlardan ibarət yığma komandamızda legionerlər var. Biz əcnəbiləri məcburiyyətdən komandamıza dəvət etmişik. Bunun səbəbi isə çox sadədir. Əksər hallarda valideynlər öz qızlarını otüstü hokkeyə, ümumiyyətlə bir sıra idman növlərində buraxmırlar. Mən başa düşürəm ki, bu, bizim mentalitetimizlə bağlıdır. Amma təsəvvür edin ki, heç bir valideyin öz qızını ot üstü hokkeyə buraxmır. Belə olan halda nə baş verəcək? Biz məcburən legionerlərin köməyindən istifadə etməli olacağıq. Bununla belə, hesab edirəm ki, otüstü hokkeyi, eləcə də digər növləri uşaqlar arasında geniş şəkildə təbliğ edə bilsək, legioner problemini aradan qaldırarıq. Yeri gəlmişkən deyim ki, qızlardan ibarət yığma komandamızda bu məsələni qismən həll edə bilmişik. Heyətdə yer alan 18 hokkeyçidən 12-i yerli qızlardır. Biz bu işin ardıcıl olaraq həyata keçirməsinin tərəfdarıyıq. Bunun üçün isə, bir daha qeyd edirəm ki, idman növlərinin uşaqlar arasında geniş yayılmasına çalışmaq lazımdır.
Hürrü Abdullayev