İyunun 7-8-də karate üzrə yeniyetmə və gənclərdən ibarət yığmamızın üzvləri İzmirdə keçiriləcək komandalararası 12-ci Regional Avropa çempionatına yollanır. Komandanın böyük məşqçiləri Şahin Xudaverdiyevlə Anar Allahverdiyev yarışda aşağıda adları qeyd edilən 8 idmançıya etimad göstərib.
Yığma üzvləri Fəridə və Aytac Əliyevalar, Şölə Həsənova, Ülvi Qurbanov, Murad Balakişiyev, Murad Hacızadə, Elcan Məmmədrzayev və Vüsal Kamallı komandalararası çempionatın medalları uğrunda mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, qızlardan ibarət komandanın heyəti 1 yeniyetmə və 2 gənc idmançıdan, oğlanlardan ibarət yığmanın heyəti isə 2 yeniyetmə və 3 gənc idmançıdan ibarət olmalıdır. Komandalararası Regional Avropa çempionatı beynəlxalq dərəcəli hakimlərimiz üçün də sınaq xarakteri daşıyacaq. Belə ki, onlar dərəcələrini artırmaq üçün Avropa Karate Federasiyasının Hakimlər Komitəsi qarşısında imtahan verəcəklər. Nəzəri və praktiki hissələrdən ibarət imtahanlarda beynəlxalq hakimlərimizdən Yusif Məmmədov, Rənad Əliyev, Nərgiz Mehdiyeva, Vüqar Kərimov, Şahin Xudaverdiyev iştirak edəcəklər. Onlar həm də Izmir Halkapınar arenasında təşkil olunacaq qitə çempionatının yarışlarını idarə edən hakimlər arasında olacaqlar.
Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 2012-ci ildə Moskvada komandalararası 10-cu Regional Avropa çempionatının qalibi olub. Qızlarımız isə ilk dəfədir ki, bu nüfuzlu yarışda çıxış edəcəklər.