Adil Əliyev: “Vətən uğrunda şəhid olmaq şərəfdir”

Adil Əliyev: “Vətən uğrunda şəhid olmaq şərəfdir”


Adil Əliyev 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1987-ci ildə Respublika Olimpiya İdman Liseyini bitirib və həmin ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik məktəbinə daxil olub. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994-cü ildən Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1998-ci ildə Ali Polis Akademiyasını bitirib. Ehtiyatda olan polis polkovnik-leytenantıdır. 2005-ci il iyulun 2-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif edilib. İdman ustasıdır. 2001-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2007-ci il noyabrın 10-da "Azərbaycan İdmanının Azarkeşləri” və 2008-ci ilin sentyabrında "Azərbaycan Veteran İdmançıları” ictimai birliklərinin hüquqi təsisçisi və prezidenti seçilib. 2008-ci ildə kikboksinq üzrə veteranlar arasında dünya çempionu olub.


Adil Əliyevin həyatı maraqlı məqamlarla zəngindir. Hələ kiçik yaşlarında olarkən o, peşəkar idmançı kimi dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında iştirak etməyi arzulayırdı. Amma taleyin, qismətin öz seçimi, öz hökmü var. İdmana bir qədər gec gəlişi, ailədə təhsilə daha çox diqqət yetirilməsi ona bu arzunu vaxtında reallaşdırmağa imkan verməyib. Amma uşaqlıq arzuları çoxsaylı, sonsuz və rəngarəng olur. Sonra gəncin daxilində daha bir gizli istək - dənizçi olmaq arzusu yaranmışdı. Bu istək isə əsil cəsarət və hünər tələb edirdi. Gənc Adil öz istəyinə doğru inamla irəliləyib. İdmanda keçən uzun illər isə ona dözümlülük, mübarizlik və əzmkarlıq kimi xüsusiyyətləri aşılayıb.
Özünün dediyinə görə, idmançı olmasının ona böyük köməyi dəyib. Çünki məhz idman vasitəsilə o, vətənpərvərlik ruhunda tərbiyələnib, rəhbərlik etdiyi federasiyanın üzvlərinə də bu ruhu aşılaya bilib. Vətənpərvərlik tərbiyəsi isə hər bir insana güclü iradə, özünəinam kimi keyfiyyətlər qazandırır. Adil Əliyevlə uşaqlıq dövrünün kövrək xatirələri, çılğın gənclik, tələbəlik illəri, idmanda qazandığı uğurlar, gənclərin vətənpərvərlik ruhda tərbiyəsi ilə bağlı söhbət etdik.

- Bildiyimizə görə, idmana kiçik yaşlarınızdan maraq göstərmisiniz. Bu sahəyə sevginiz haradan meydana gəlib?
- Ailədə 8 uşağıq. Evin ən kiçiyi mənəm. Məndən böyük qardaşlarım güləşə və boksa maraq göstəriblər. Ailəmizdəki abu-hava mənim də idmana həvəsimi artırırdı. Buna görə də orta məktəbin 7-ci sinfindən idman təmayüllü Respublika Olimpiya İdman Liseyinə (ROİL) qəbul olundum. Məşqçilər Ruslan Abdullayev və Ağayar Axundzadənin rəhbərliyi altında cüdo ilə məşğul olmağa başladım. Müntəzəm məşq etsəm də, dərslərimə daha ciddi yanaşırdım. Klublararası yarışlar, şəhər və respublika birincilikləri, Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnirlərdə qüvvəmi sınayırdım. Respublika birinciliklərində, Bakı şəhər birincilikləri və klublararası yarışlarda medal əldə etmişəm.

- Yəqin ki, idmanla məşğul olan bütün uşaqlar kimi, siz də Avropa və dünya çempionatları, Olimpiya oyunlarında iştirak etməyi arzulamısınız. Bəs niyə sonradan idmanı peşəkar şəkildə davam etdirmədiniz?
- 1987-ci ildə ROİL-i bitirdim. Olimpiya oyunlarında iştirak etmək mənim də uşaqlıq arzularımdan idi. Amma idmanı peşəkar şəkildə davam etdirə bilmədim. Bunun müəyyən səbəbləri var idi. Daha doğrusu, valideynlərim mənim daha çox elm arxasınca getməyimi istəyirdilər. Hərdən düşünürəm ki, valideynlərim peşəkar idmançı olmağımı israr etsə idilər, mən bu sahə ilə ciddi məşğul olardım. O dövrlərdə idmana münasibət də fərqli idi. Bu sahəyə indiki kimi dövlət səviyyəsində diqqət və qayğı göstərilmirdi.
Sonra tale məni Sankt-Peterburqdakı Ali Hərbi Dənizçilik Məktəbinə gətirib çıxardı. Orada əlbəyaxa döyüş növləri ilə məşğul olurdum. Bildiyiniz kimi, hərbidə jiddi rejim mövcuddur. Məktəbdə bizə yalnız həftənin sonunda istirahət verilirdi. Səhər idmanı bir qayda olaraq məcburi idi. İdmanla yalnız məktəb daxilində məşğul olmaq mümkün idi. Həftədə üç-dörd dəfə məşq edirdim. Məktəbdaxili yarışlarda qüvvəmi sınasam da, bu, idmanı peşəkar şəkildə davam etdirməyim üçün yetərli deyildi.

- Maraqlıdır, niyə məhz hərbi dənizçilik məktəbini seçdiniz?
- Dənizi çox sevirəm. Dənizçi olmaq istəyirdim. Bu mənim uşaqlıq arzularımdan biri idi. 1987-ci ildə "Azərbaycan gəncləri” qəzetində mənim haqqımda bir məqalə dərc olunmuşdu. Həmin yazıda dənizçiliyə olan marağıma geniş yer ayrılmışdı. Bu arzuma qismən də olsa, Sankt-Peterburqdakı Ali Hərbi İdman Məktəbində çatdım. 1992-ci ildə məktəbi bitirib təyinatla Azərbaycana qayıtdım. 20 yaşım var idi. Bir il yarım zabit kimi Hərbi Dəniz Qüvvələrində xidmət etdim. Həmin dövrdə nəinki idmanda, ümumiyyətlə, bütün sahələrdə xaos və hərc-mərclik hökm sürürdü. Həmin dövrdə vətənə öz canı, qanı ilə xidmət etmək istəyənlər kənarda qalmışdı. Halbuki vətənin bu ağır günlərində ixtisaslı kadrlardan yararlanmaq çox vacib idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə sürətli inkişaf başladı. Həmin illərdə hüquq-mühafizə orqanlarına, hərbi sahəyə sağlam qüvvələr cəlb olundu. Mən də həmin sağlam qüvvələrin sırasında idim.

- Necə düşünürsünüz, polis kimi qanun keşiyində dayanmaq çətindir, yoxsa, millət vəkili kimi xalqın hüquqlarını müdafiə etmək?
- Hər iki sahənin öz çətinlikləri var. Məsuliyyətli və vətənpərvər insan seçdiyi peşədən asılı olmayaraq, öz işinə ciddi yanaşmalıdır. Xatırladım ki, Qarabağ uğrunda döyüşlərdə Azərbaycanın yüzlərlə polis işçisi şəhidlik zirvəsinə yüksəlib. Bu, polis orqanlarında çalışanların vətənə bağlılığından, sevgisindən irəli gəlir. Hər hansı işin öhdəsindən gəlmək istəyirsənsə, ilk növbədə, məsuliyyətli, nizam-intizamlı olmalısan. Polis sisteminin öz çətinlikləri var. Polis işçiləri çox əziyyət çəkirlər. Hər hansı hadisə ilə bağlı səni gecə yarısı işə çağıra bilərlər. Millət vəkili isə daha dözümlü və güclü olmalıdır. Çünki o daim insanların əhatəsindədir, daha ciddi məsələlərin həlli ilə məşğul olur. Vətəndaşlar millət vəkilinə müxtəlif problemlərlə bağlı müraciət edirlər və millət vəkili onlara mümkün qədər kömək etməyə çalışmalıdır. Millət vəkilinin vəzifəsi vətəndaşın hüquqlarını müdafiə etmək, problemləri Milli Məclisdə qaldırmaq və qanun çərçivəsində lazımi tədbirlərin görülməsinə nail olmaqdır.

- Adil müəllim, necə düşünürsünüz, vətənpərvərlik nədən başlayır?
- Vətənpərpər xalqını, vətənini, torpağını, dilini, tarixini sevən insandır. Vətənpərvərlik tərbiyəsinin təməli ilk növbədə ailədə qoyulmalıdır. Bu proses orta və ali məktəblərdə daha da gücləndirilməlidir. Mənim fikrimcə, orta məktəbi başa vuran şagird artıq silaha sarılıb vətənin müdafiəsinə hazır olmalıdır. Sözsüz ki, vətənpərvərlik yalnız silaha sarılmaqla məhdudlaşmır. Bu hiss hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir. Bu gün gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri də milli mənlik şüurunun inkişafı, vətənpərvəlik və mənəvi tərbiyə məsələsidir. Mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Tariximizdə iz qoyan məşhur şəxsiyyətləri dünyada tanıtdıran və bizim üçün örnək olan məhz onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır.

- İdman sağlamlaqla yanaşı, gənclərin sağlam ruhda tərbiyəsinə xidmət edir. Sizcə idmanın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində hansı rolu var?
- Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi bütün dünyanı düşündürən əhəmiyyətli məsələlərdən biridir. Çünki hər bir xalq gələcəyini məhz gənclərin üzərində qurur. Bu nəslin vətənrərvər ruhda tərbiyəsində idmanın rolu əvəzsizdir. Biz gənclərimizin sağlam ruhda böyüməsini istəyiriksə, hər şeydən öncə onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki cəhətdən inkişafının qayğısına qalmaq əsas şərtlərdən biridir. Uşaqların fiziki cəhətdən sağlam böyüməsi, bu sağlamlığın idmanda öz əksini tapması, son nəticədə, ölkənin şan-şöhrətinin ucalmasına imkan verir. İdmançılar iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda öz ölkələrini təmsil edirlər. Onlar yarışlarda qazandıqları nailiyyətlərlə vətəni bütün dünyaya tanıdırlar. Hesab edirəm ki, Avropa və dünya çempionatları, Olimpiya oyunları kimi mötəbər yarışlarda Azərbaycan gəncləri öz vətənpərvərliklərini daha qabarıq şəkildə nümayiş etdirməlidirlər. Ona görə ki, belə yarışlar bütün dünyanın diqqətini özünə cəlb edir. Vətənpərvərlik hissləri idmançının qələbə əzmini daha da arıtırır və onu böyük uğurlar qazanmağa ruhlandırır. Hər bir idmançı yarışa çıxarkən bilir ki, o, təkcə özü üçün mübarizə aparmır: xalqını, dövlətini təmsil edir. Ölkəmizi beynəlxalq arenalarda təmsil edən hər bir idmançı bilir ki, əldə olunmuş qələbə sayəsində himnimiz səslənəndə, bayrağımız yüksəklərə qalxanda bu qələbəyə, bu uğura bütün Azərbaycan xalqı sevinir. Mən əminəm ki, idmançılarımızı qələbəyə səsləyən ən başlıca amillərdən biri də məhz budur.

- Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilib. Buna görə də hər bir Azərbaycan gənci daim vətənin müdafiəsinə hazır olmalı, mübariz ruhda tərbiyə olunmalıdır. Bu baxımdan, döyüş idman növlərinin gənclərin vətənpərvər ruhda tərbiyəsində xüsusi rolu var. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti kimi, necə düşünürsünüz, kikboksinq idman növü gənclərin formalaşmasında hansı əhəmiyyətə malikdir?
- Azərbaycan torpaqlarının 20 faizinin düşmən tərəfindən işğal olunması bizə bir an belə rahatlıq vermir. Hər bir Azərbaycan vətəndaşı hansı yolla olursa olsun, torpaqlarımızın düşmən tapdağından azad olunması arzusundadır. Hesab edirəm ki, müharibə şəraitində olan ölkənin hər bir gənci məşğul olduğu idman növündən asılı olmayaraq, fiziki cəhətdən hazırlıqlı olmalı, döyüşməyi, mübarizə aparmağı bacarmalıdır.
Uşaqlarda kiçik yaşlarından vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə şərait yaradır. Bu amil isə Azərbaycan milli ordusunun tərkibində sağlam və vətənpərvər gənclərin yer almasına öz müsbət təsirini göstərir. Bu gün gənclərimizin hərbi-vətənpərvərlik vərdişlərinə yiyələnmələri, ordumuzun döyüş hazırlığının artırılması çox vacibdir. Bu bir reallıqdır ki, ölkəni, həqiqətən də, fiziki cəhətdən sağlam, çevik, cəsur, iradə əzminə, dözümə malik şəxslər müdafiə edirlər. Lazım gələndə fəndlər işlətmək, çevik olub vəziyyətdən çıxmaq, əlbəyaxa döyüşdə qalib gəlmək, zərbə endirməyi və s. bacarmaq çox vaxt döyüşün müqəddəratını həll edir. Sözsüz ki, təkmübarizlik idman növləri ilə məşğul olan gənclər döyüş sirlərinə yaxından bələd olurlar. Döyüş idman növləri gənclərdə daxili inam hissini artırmaqla yanaşı, onların psixoloji cəhətdən güclənməsinə də böyük təsir göstərir. Döyüş idman növləri gənclərdə mərdlik, iradəlilik, dözümlülük kimi müsbət keyfiyyətləri formalaşdırır. Təsadüfi deyil ki, hər bir valideyn öz övladını döyüş bölməsinə yazdırarkən istəyir ki, övladı özünü müdafiə etməyi bacarsın, güclü və özünəinamlı böyüsün. Döyüş idman növləri gənclərin hərbi-vətənpərvər ruhda böyüməsində böyük rola malikdir. Döyüş növləri ilə məşğul olan yeniyetmə və gənclərdə vənpərvərlik, vətəni qorumaq, vətənin adını ucaltmaq kimi hisslər daha tez formalaşır. Kikboksinq hərbidə istifadə olunan döyüş növüdür. Hərbiyə gedən gənclərimizin kikboksinq fəndlərini öyrənməsi, məncə, vacibdir. Kikboksinqlə məşğul olan gənc düşmənlə üz-üzə mübarizədə, səngərdə özünə arxayın olur, əlbəyaxa döyüşdə qələbə qazanmaq onun üçün daha açan başa gəlir. Bu gün Azərbaycanda fiziki və mənəvi cəhətdən sağlam, bütün varlığı ilə xalqına, vətəninə bağlı olan bir nəsil yetişib. Sözsüz ki, bütün bunlar Azərbaycan dövlətinin gənc nəslə qayğısından qaynaqlanır. Qayğı ilə əhatə olunan hər bir gənc mənəvi cəhətdən saf olur, pis əməllərdən çəkinir, göstərilən qayğıdan müsbət yararlanmağı özünün mənəvi borcu hesab edir. Uşaq və gənclərə göstərilən əvəzsiz qayğı ölkəmizin, millətimizin gələcəyi olan nəslin güclü xarakterə, sağlam ruha malik olmasında başlıca rol oynayır. Uşaq, yeniyetmə və gənclərimizin vətənpərvərlik, dünyəvilik prinsipləri əsasında tərbiyə olunması, onların fiziki və mənəvi inkişafı da Azərbaycan dövlətinin əsas ideologiyalarından biridir.

- Adil müəllim, son dövrlərdə ölkəmizdə kikboksinq daha geniş inkişaf etdirilir. Bu növdə maddi-texniki baza gücləndirilir, kütləvilik artır, bölgələrimizdə kikboksinqə maraq çoxalır.
- Bu gün Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən bu sahəyə yüksək səviyyəli diqqət və qayğı göstərilir. Respublikamız bu gün ən mötəbər yarışlara ev sahibliyi edir. Azərbaycanı idman ölkəsi kimi dünyaya tanıtdırmaq dövlətimizin başçısının idman sahəsində həyata keçirdiyi siyasi kursun əsas hissəsini təşkil edir. Sevindirici haldır ki, respublikamızda gənc nəslin sağlam ruhda böyüməsinə çəkilən zəhmət öz bəhrəsini verməkdədir. Ölkəmizdə idmanın geniş vüsət alması, bu sahənin inkişafı gənclərin sağlam ruhda böyüməsinə, vətənpərvərlik vərdişlərinə yiyələnməsinə şərait yaradır. Azərbaycanda kikboksinqi geniş təbliğ etməklə, biz də bu sahənin inkişafına öz töhfəmizi verməyə çalışırıq. Bu gün kikboksçularımız müxtəlif mötəbər yarışlarda böyük uğurlar qazanırlar. İdmançılarımız arasında dəfələrlə dünya və Avropa çempionu adını qazananlar var. Azərbaycan kikboksçuları dünyada tanınırlar. Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən klublarımızda gənclərimiz bu idman növünün sirlərinə yiyələnirlər. Paytaxt və regionlarda bu idman növünün maddi-texniki bazası gücləndirilir, yeni idman zallarımız istifadəyə verilir. Ölkəmizdə kikboksinqə marağın artması bizi sevindirir. Federasiya tərəfindən idmançılarımızın mötəbər yarışlarda iştirakı təmin olunur. Bu növdə yeni gənc nəsil yetişməkdədir. Məni ən çox sevindirən kikboksinqdə kütləviliyə nail olunmasıdır. Bu növü təbliğ etməkdə əsas məqsədlərimizdən biri də uşaq və yeniyetmələrin pis vərdişlərdən çəkinmələrinə nail olmaqdır. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan Kikboksinq Federasiyasının əsas devizi belədir: "Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı”. Bizim əsas ideyamız uşaqların hərbi-vətənpərvər ruhda tərbiyəsi, pis əməllərdən çəkinməsi, sağlam böyüməsi, vətənə layiqli övlad kimi yetişməsidir.


- Siz özünüz də ölkəmizi idmançı kimi beynəlxalq arenalarda təmsil etmisiniz. Necə bilirsiniz, yaxşı döyüşçü hansı keyfiyyətlərə malik olmalıdır?
- Əlbəttə, idman hər bir atletdən məsuliyyət, inam, iradə, məşqlərə həvəslə yanaşmağı tələb edir. Döyüş idman növlərində isə o idmançı yaxşı nəticə göstərə bilir ki, həm vətənpərvərdir, həm fiziki cəhətdən hazırlıqlıdır, həm də yaxşı intizama malikdir. Bu prinsiplərə riayiət edən döyüşçünün uğurları mütləq olacaq. Bununla yanaşı, əsl döyüşçü özünə inanmalı, psixoloji cəhətdən güclü olmalıdır. Qəlbində döyüş ruhu olmayan idmançı heç bir nailiyyət əldə edə bilməz. Elə həyatda da belədir. Mübariz insan böyük uğurlar qazanır.

- Adil müəllim, Azərbaycan Kikboksinq Federasiyası tərəfindən milli qəhrəmanların tanıdılması, vətənpərvərliklə bağlı təbliğat sahəsində hansı işləri həyata keçirir?
- Milli qəhrəmanlarımız, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn döyüşçülərimizin göstərdikləri qəhrəmanlıq, şücaət xalqımızın qəlbində daim yaşayacaq. Biz şəhibdlərimizi unutmuruq və unutmamalıyıq. Çünki onlar bizim bugunumüzü, firəvan həyatımızı, əmin-amanlığımızı qoruyublar. Qəhrəmanlarımızı yad etmək bizim müqəddəs borcumuzdur. Azərbaycan xalqının qəhrəman övladları hər zaman olub, var və olacaq. Biz şəhidlərimizlə fəxr edirik. Bu şəhidlər müasir gəncliyə örnəkdir.
Milli Qəhrəmanımız Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlığı, mərdliyi, şücaəti unutmaq olarmı? Əlbəttə yox. Mübariz kimi övladların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Qeyd edim ki, Azərbaycan Kikboksinq Federasiyası tarixi günlər, bayram günləri münasibətilə, seminarlar, görüşlər, müxtəlif idman tədbirləri təşkil edir. 20 Yanvar, Xocalı soyqırımı, Azərbaycan-Ermənistan Dağllıq Qarabağ münaqişəsinin həqiqətlərinin gənclərə çatdırılması məqsədilə mərasimlər, milli qəhrəmanlarla görüşlər, milli qəhrəmanların xatirəsinə həsr olunmuş yarışlar keçiririk. Buyaxınlarda Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən qadın batalyonunun komandiri Aidə Şirinova ilə tələbələrin görüşündə iştirak etdik. Bu görüşdə tələbələrə qadın döyüşçülərimizin şücaəti barədə ətraflı məlumat verildi. Federasiyamız Qarabağ döyüşlərində igidlik göstərən İbad Hüseynovla da görüş keçirib. Qeyd edim ki, orta məktəblərdə, ali təhsil olacaqlarında Qarabağ uğrunda gedən döyüşlərdə vuruşan, qəhrəmanlıq göstərən insanlarla görüşlərimiz tez-tez olur. Biz tanınmış kikboksçularımızla hərbi hissələrdə də görüşlər təşkil edirik. Məsələn, Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə keçirdiyimiz görüş çox maraqlı oldu. Onu da deyim ki, əsgərlərimizlə idmançılarımızın görüşü düşmənlə üzbəüz səngərdə keçirildi. Hesab edirəm ki, bu cür tədbirlər vətənpərvərlik hisslərinin təbliğində əvəzsiz rol oynayır.

- Söhbət əsnasında dediniz ki, bir sıra arzularınıza çatmısınız. Maraqlıdır, indi ən böyük arzunuz nədir?
- Xalqımı həmişə xoşbəxt görmək arzusundayam. Beynəlxalq aləmdə Azərbaycanı ən yüksəklərdə görmək istəyirəm. Bu gün ən böyük problemimiz torpaqlarımızın düşmən tapdağından azad olunması ilə bağlıdır. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımız tezliklə düşmən tapdağı altından azad olunacaq. Bilirsiniz, həyat müvəqqətidir, hər kəs bu dünyadan köçəcək. Ancaq vətən uğrunda şəhid olmaq şərəfdir. Çox istərdim ki, mən də vətənim uğrunda döyüşlərdə şəhid olum.
Aysel Sultanova