“Vətənpərvərlik tanrı vergisidir, o, hər kəsə nəsib olmur”

“Vətənpərvərlik tanrı vergisidir, o, hər kəsə nəsib olmur”


Zəminə Xınalı müasir Azərbaycan poeziyasında kifayət qədər tanınan şairlərimizdəndir. Onun yaradıcılığı haqqında müxtəlif vaxtlarda müxtəlif fikirlər səsləndirilib, təhlillər aparılıb. Zəminə xanımı digər şairələrdən fərqləndirən cəhət onun daha çox vətənpərvərlik mövzusunda yazmasıdır. Onun digər bir xüsusi cəhəti isə tez-tez müxtəlif görüşlərdə, habelə hərbi hissələrdə əsgərlər arasında görünməsidir. Zəminə xanımın iştirakı ilə əsgərlər arasında tez-tez müzakirələrin keçirilməsi həm də onu göstərir ki, o, cəmiyyətlə, ordu ilə sıx ünsiyyətdədir, oxucularla təmasdadır. Zəminə Xınalının hərbi-vətənpərvərlik mövzusundakı əsərləri - şeirləri, poemaları və pyesləri onun yaradıcılığının əsasını təşkil edir. Təsadüfi deyil ki, o həm də Vətən uğrunda döyüşən və həlak olan zabitin xanımıdır. Bu baxımdan, xanım şairənin hərbi-vətənpərvərlik mövzusuna tez-tez müraciət etməsini onun taleyi ilə bağlamaq olar. Zəminə xanımın övladları da bugün atalarınının yolu ilə gedir, şərəfli bir peşə olan zabit peşəsini davam etdirirlər.
Zəminə xanımın yaradıcılığı və vətənpərvərliklə bağlı fikirlərini bölüşmək üçün onunla görüşdük. Müsahibimiz bizi maraqlandıran suallara çox səmimi cavab verdi.

- Zəminə xanım, zəhmət olmasa, özünüz haqqında məlumat verərdiniz.
- 1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində müəllim ailəsində anadan olmuşam. 1981-ci ildə orta məktəbi bitirib Sumqayıt Kimya -Texnologiya Texnikumuna daxil olmuşam. 1984-cü ildə təyinatla Kimya İstehsalat Birliyinin mərkəzi laboratoriyasında laborant işləmişəm. Elə həmin ildə də ailə qurub Bakıya köçmüşəm. Uzun illər Moskva şəhərində yaşamışıq. Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) kimi çalışmışam. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi qulluqçusuyam. 2007-ci ildə Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin məzunu olmuşam.

- Bildiyimzə görə, həyat yoldaşınız hərbçi olub, Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Sizin də hərbçi olmağınız həyat yoldaşınızın peşəsini davam etdirmək arzusundan irəli gəlməyib ki?
- Bəli. Qeyd etdiyim kimi, uzun illər Moskva şəhərində yaşamışıq. 1988-ci ildə mənfur düşmənlərin Topxana meşəsini talan etməsini, Qarabağda dinc əhaliyə divan tutmasını eşidib Vətənə qayıtdıq. Həyat yoldaşım Vətən harayına yollandı. O, Qarabağ uğrunda gedən döyüşlər zamanı aldığı yaralardan vəfat etdi. 2 körpə övladımla tək qalsam da, dərd qarşısında əyilmədim. Vətənin bağrına dəyən güllələr, sanki, məni yaralı şirə döndərdi. Vətənə məhəbbət, düşmənə nifrət hissi məni daha da mətin və mübariz etdi. Hərbi peşəyə olan sevgim məni rahat buraxmadı. Qəti qərara gəlmişdim: mütləq hərbçi olacaq, həyat yoldaşımın peşəsini davam etdirəcəkdim. Qarşıma məqsəd qoymuşdum. Ona görə də Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində hərbi jurnalist peşəsinə yiyələndim. Sonralar Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına daxil oldum, filologiya fakültəsini bitirdim. Döyüş bölgələrinə getdim, "Azərbaycan Ordusu” qəzetində ştatdankənar müxbir işlədim. Mən həmçinin Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində (AAHDM) Qadınlar Şurasının sədri vəzifəsində də çalışmışam. Hospitalda yaralı əsgərlərimizə, şəhid ailələrinə, əsgər analarına mənəvi dayaq olmağı özümə hər zaman borc bilmişəm.

- Hərb sənəti məsuliyyətli və çətindir. Xüsusilə də qadınlar üçün...
- Hərbə bağlılıq məndə taleyin sərt zərbəsini alandan sonra yaranıb. Söhbətəmizin əvvəlində də demişdim ki, həyat yoldaşım vətən torpaqlarının azadlığı uğrunda aldığı yaralardan sonra dünyasını dəyişdi. Onun rütbəsi mayor idi. Həyat yoldaşımı itirdikdən sonra Müdafiə Nazirliyinə raport yazdım ki, hərbi xidmətə getmək istəyirəm. Aradan bir müddət keçəndən sonra raportuma cavab gəldi ki, qadınları hərbi qulluğa götürmürük. "Qadın” sözünü oxuyanda elə bil ki, ürəyimə bir xəncər sancıldı. Axı mən ailədə həm ata, həm də ana missiyasını yerinə yetirirəm. Elə o an könlümdən keçənləri şeirdə qələmə aldım:

Mən əsgər papağı geyinməliyəm
Qadınam, kişi tək öyünməliyəm.
Hərbi əməliyyatı, hərb sənətini,
Ürəklə, vicdanla öyrənməliyəm.
Günahım nədir ki, anam qız doğub?
Adımı Xınalı Zəminə qoyub.
Bilmirəm, hardandır bu eşq, bu həvəs,
Qəlbimə kişilik qeyrəti dolub.
Yorğanım od olub, yastığımsa daş,
Vətən dara düşüb, eşit, vətəndaş,
Ey papaq altında yatan oğullar,
Oyanın, Vətəni qoruyaq, qaradaş.

"Əsgər papağı” adlandırdığım bu şeirimi bəzi rütbəli insanlara oxudum, beləliklə, mən əsgər papağı geyindim və vətən əsgəri oldum. 20 ilə yaxın Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçu olmuşam. Bu illər ərzində mənim ən böyük rütbəm "bütün kursantların anası” olub. Mən bu adımla, bu rütbəmlə həmişə qürur duymuşam. Vətən əsgəri olmağımla Ona olan borcumu ödəsəm də, ana vətənim Azərbaycana hər zaman borcluyam. Bax elə ona görə də şeirlərimidə hərbi-vətənpərvərlik mövzusuna toxunuram.


"Əsl vətənpərvər insanlar ölümün üstünə ölməzlikləri ilə gedirlər”

- Vətənpərvərlik sizin üçün nə deməkdir?
- Vətənpərvərlik məndən ötrü Vətən sevgisidir, doğma yurda olan sonsuz sevgidir. Vətənpərvərlik elə-obaya bir bağlılıq, Vətənə olan borcunu ödəməkdir. Vətənpərvərlik təkcə sözdə deyil, əməldə olmalıdır. Bir də ki, vətənpərvərlik Tanrı vergisidir, o, hər kəsə nəsib olmur. Bizim Mübariz İbrahimov, Fərid Əhmədov, Əhməd Abdullayev və bu cür digər oğullarımız canını Vətən yolunda qurban verdilərsə, deməli, əsl vətənpərvər insanlar ölümün üstünə ölməzlikləri ilə gedirlər. Hamımızın müqəddəs bildiyi Şəhidlər xiyabanında gecə-gündüz alovlanan məşəl özü vətənpərvərliyə bir çağırışdir. Vətənpərvərlik haqqa gedən yoldur.

- Bildiyimizə görə, siz həm də "Əsgər ocağı” qəzetinin təsisçisi və baş redaktorusunuz. Necə oldu ki, bu qəzeti təsis etdiniz?
- Bu qəzetin yaranma tarixi belə olub. Soyuq qış günlərinin birində işdən evə gəlmişdim. Bilmirəm, nədənsə mənzilimdə işığım yanmırdı. Mənzilim elə soyuq idi ki, istədim isti çay içim. Baxdım ki, qaz da yanmır. Artıq qaranlıq düşmüşdü. Əynimdə hərbi şinelim olsa da, əlim-ayağım buza dönmüşdü. Birdən ayağa durdum və öz-özümə dedim: "Zəminə, sən Vətən əsgərisən, əsgər üşüməz. Sənin ocağın əsgər ocağıdır, evin isə Vətən səngəri. Səngərdə keşik çəkən əsgər üşüməz”. Beləliklə, ürəyimdə çatdığım ocağı əsgər ocağı sandım və Silahli Qüvvələrin 95 illik yubileyi ərəfəsində "Əsgər ocağı” qəzetini təsis etdim. Onu da qeyd edim ki, qəzetimizin oxucuları da Vətən əsgərləri, vətənpərvər insanlardır.

"Ordu ilə xalq arasında bir dostluq körpüsü olmalıdır”

- Zəminə xanım, yəqin ki, ön cəbhədə hərbçilərlə görüşlər keçirir və vətənpərvərliklə bağlı bir sıra tədbirlərdə iştirak edirsiniz?
- Bu suala cavab verməzdən əvvəl sizə onu deyim ki, ön cəbhədə, döyüş bölgələrində xidmət edən hər bir hərbçini öz oğlum hesab edirəm. Çünki onlar mənim müəllifi olduğum məktəb marşlarını hələ kursant olduqları vaxtlardan, leytenant rütbəsi alana qədər oxuyublar. Onların dəyanəti məni hər zaman ruhlandırıb. Onların sayəsində hərbiçi-şairə kimi tanınmışam. Bax elə buna görə də harada olmalarına baxmayaraq, onların nişan-toy mərasimlərində yaxından iştirak edirəm. Hərdən də elə olur ki, gənc ailələrin arasında olan kiçik münaqişəni tez bir anda həll edib, necə deyərlər, yoluna qoyuram.
Bu da mənim onlara olan analıq borcumdan irəli gəlir. Hələ neçə zabitimiz, qızının adını Zəminə qoyub. Deməli, mənim hər bir hərbiçinin anası olduğum kimi, onların uşaqlarının da nənəsi olmaq haqqım var imiş. Ancaq mənfur düşmənlər atəşkəsi pozan vaxt hər hansı bir əsgərimiz, zabitimiz şəhid olanda dünya gözlərimdə zülmətə dönür. Sanki, ömrümdən bir kərpic düşür. Mən nələr çəkdiyimi bir allah bilir. Allah bizim əsgərlərimizi qorusun. Əslində, mən əsgərlərimizin sıra ilə yerişini durna qatarına bənzədirəm. Allahdan arzu edirəm ki, bu qatardan heç kim əskik olmasın. Qoy hər bir eldən, hər bir evdən əsgəri xidmətə gedən oğullarımız sağ-salamat evlərinə dönsünlər. Fikrimcə, cəbhə bölgələrində görüşlər keçirmək hər kəsin müqəddəs borcudur. Ordu ilə xalq arasında bir dostluq körpüsü olmalıdır.

- Zəminə xanım, sizin vətənpərvərlik mövzusunda kitablarınız, marşlarınız daha çoxdur. Bu haqda nə deyərdiniz?
- Əslində, vətənpərvərlik mövzusunda yazmaq üçün gərək o həyatı yaşayasan. Mən yarıməsrlik ömrümün yarısını hərbiyə həsr etmişəm. Hər gün hərbi orkestrin sədaları altında xidmətdə olmuşam. El arasında belə bir məsəl də var ki, şairlər öz taleyini yazırlar. Mənim də taleyım, bütövlükdə ömrüm hərbə bağlı olduğundan hərbi-vətənpərvəlik mövzusunda yazmaq mənə daha doğmadır. Çünki mən özümü hərbi peşədə tapdım.
Ədəbi fəaliyyətə 1980-ci illərdən başlamışam. Hərbi, vətənpərvərlik mövzusunda 30-dan çox mahnı mətninin sözlərini yazmışam. "Təki Vətən yaşasın” adlı mənzum pyesim və "Ali Baş Komandanım” adlı sənədli pyesim əsasında radio tamaşası hazırlanaraq radionun qızıl fonduna daxil edilib. 15-dən çox kompakt disk və audiokasetim kütləvi şəkildə çap olunub. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, "Qüsursuz xidmətə görə” medalı ilə təltif edilmişəm. 20-dən çox kitabım çap olunub.

- Siz həm də Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəblərin "Məktəb marş”ının müəllifi kimi tanınırsınız. Bu haqda məlumat verərdiniz?
- Bəli. Azərbaycanda ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin "Məktəb marş”larının müəllifiyəm. Bu marşların hər il Ali Baş Komandanımızın qarşısında oxunması ilə qürur duyuram. Bax elə bu marşlara görə dəfələrlə Silahlı Qüvvələrin medalları ilə təltif olunmuşam. Əlamətdar günlərdə radio və televiziyada bu marşların səslənməsinə görə, yaradıcılığıma "Qızıl Qələm”, "Məmməd Araz”, "Vətən naminə”, "Vətən uğrunda”, "İnam və Şərəf”, "Ana Yurd” və sair fəxri diplomlarla təltif olunmuşam. Mənim yaradıcılıq fəaliyyətimə qiymət verən hər kəsə, dəyərli ziyalılarımıza təşəkkür edirəm. Əlbəttə, marşlar xüsusi hadisədir. Bizim buna çox ehtiyacımız var. Düşmənlə üz-üzə dayanan, ordusunu inkişaf etdirən, əsgərlərin döyüş ruhunu qaldıran bir xalq, əlbəttə, hərbi nəğmələrsiz, marşlarsız keçinə bilməz. Müəllifi olduğum marşlarda coşqunluq, qələbə əzmi, döyüşkən əhval-ruhiyyə, ən başlıcası isə bir vətənpərvərlik əzmi özünü göstərir. Əslində, Vətənə ana demişəmsə, Vətən haqqında, Vətənə oğul yetişdirən hərbi məktəblər haqqında marşlar yazıb-yaratmaq mənim müqəddəs borcumdur.

- Maraqlıdır, Qarabağ müharıbəsi veteranları ilə görüş keçirirsinizmi?
- Mənim aləmimdə Qarabağ müharibəsi veteranları cəmiyyətdə ən böyük hörmətə layiq insanlardır. Bax elə ona görə də Ali Baş Komandanımız onları mənzillə, maşınla təmin edir. Onların pulsuz müayinə və müalicəsi həmişə önə çəkilir. Bütün bunlar, müharibə iştirakçılarına və veteranlara göstərilən dövət qayğısıdır.
Mən tez-tez döyüşçü qadınların tədbirlərində, eləcə də Respublika Veteranlar Birliyinin tədbirlərində yaxından iştirak edirəm. 1941-1945-ci il Böyük Vətən müharibəsi iştirakçıları cox az sayda olsalar da, onlarla görüşmək çox vacibdir. Müharıbə yolu keçmiş insanlarla tez-tez görüşmək, onlarla maraqlanmaq hər birimizin borcudur. Çünki onlar əsl vətənpərvər insanlardır.

- Sizcə, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda böyüməsi üçün hansı işlər görülməlidir?
- Müasir gənclərimizin hərbi-vətənpərvəlik ruhunda böyüməsində, hər şeydən əvvəl, ailə tərbiyəsi cox vacibdir. Eləcə də radio və televiziyalarda mütamadi verilişlər hazırlanmalıdır. Cox təəssüf edirəm ki, vətənpərvərliklə bağlı verilişlər çox azdır. Efirlərdə mətbəx verilişləri, şou bizneslə bağlı müxtəlif verilişlər baş alıb gedir. Mügənnilərin açıq-saçıq geyimləri, maşınları, villaları, hara gedib, harada dincəlmələri kimə lazımdır ki? Kosmetoloqlar, modelyerlər, ailə-məişət problemləri, kriminalla bağlı verilişlər daha çoxdur nəinki vətənpərvərlik verilişləri. Yaxşı olardı ki, tez-tez döyüş yolu keçmiş insanlardan və cəbhə bölgələrindən, səngərlərdən reportajlar hazırlansın. Fikrimcə, müharibə veteranları ilə gənclər arasında görüşləri keçirilməli, hərbiyə aid söhbətlər aparılmalıdır. Uşaq bağçalarında, orta məktəblərdə, habelə uşaq evlərində belə görüşlərin keçirilməsi də çox vacibdir. Sizin qəzetinizdə vətənpərvərlik mövzusuna ayrılan səhifənizi də çox bəyənirəm. Sağ olun ki, sizin kimi gənclər vətənpərvərlik mövzusunda yazılar dərc etdirirlər.


- Bəs gənclərimizin hərbi sahədə olan bilikləri sizi qane edirmi?
- Mən hərbi sahəyə yaxın olduğum üçün deyərdim ki, bizim cox peşəkar, bacarıqlı, savadlı, hərbiçilərimiz var. Vaxtilə Rusiyada təhsil alan zabitlərimizlə yanaşı, Azərbaycan ali hərbi məktəblərində, eləcə də Türkiyədə təhsil almış qürur duyulacaq zabitlərimiz var. Bəzən də elə olur ki, hərbidən anlayışı olmayan insanlar hərbi işlər haqqında bilmədiyi sözləri danışırlar. Mən belə insanları "düşmən dəyirmanına su tökənlər” adlandırardım. Heç kimin ixtiyarı yoxdur ki, ordu haqqında insanlar arasında pis fikirlər yaratsın. Belə insanlara qarşı cox sərt olmaq hər birimizin borcudur. Vətənin keşiyində dayanan hər bir vətən oğlu ilə fəxr etməliyik, bu, bizim vətəndaşlıq borcumuzdur.

- Zəminə xanım, bildiyimizə görə övladlarınız da hərbi sahədə çalışırlar.
- Bəli, övladlarım da hərbçidirlər. Hərdən məni yaxın qohumlar qınayırlar ki, niyə övladlarını bu peşəyə yönəltdin? Mən isə tərəddüd etmədən cavab verirəm ki, oğul vətən üçündür. Əslində, mən öz övladlarımdan savayı, bir cox gəncləridə hərbi sahəyə yönəltmişəm və onların hər biri də öz peşəsindən razıdır. Mənə elə gəlir ki, hərbi peşəni sevməmək mümkün deyil. Hərbi peşəni hər bir Azərbaycan övladı sevməlidir. Çünki bizim hələ işğal altında olan torpaqlarımız var. Şəhidlərin ruhu nigarandır, Qarabağın gözü yoldadır. Biz mənfur düşməndən bütün bunların qisasını almalıyıq.

- Zəminə xanım, sizin hərbi sahədə xidmətləriniz və təcrübəniz böyükdür. Zəhmət olmasa, bu barədə məlumat verərdiniz.
- Mənə elə gəlir ki, hərbi sahədə nə qədər xidmət etsəm də, yalnız vətənə olan borcumu ödəmişəm. Ancaq yenə də özümü vətənə borclu hesab edirəm.

Qəlbimin şah damarı,
Dağ vüqarlı atamsan.
Könlümün arzuları,
Şirin dilli anamsan.
Təkcə sənə borcum var,
Sənə borcum var, Vətən!
Şərəfli əsgər ömrü ,
Mənə bəxş eyləmisən.
Söyləyəndə dərdimi
Səbirlə dinləmisən.
Könlüm fəryad edəndə
Harayıma gəlmisən.
Təkcə sənə borcum var,
Sənə borcum var, Vətən!
Sənə olan borcumu
Sevgimlə ödəyərəm.
Sənin uğrunda mən,
Ölümə də gedərəm,
Adın tanrıya yaxın,
Sənə səcdə edərəm,
Təkcə sənə borcum var
Sənə borcum var, Vətən!

"Hərbi geyim bütün geyimlərin ən gözəlidir”

- Sizi tədbirlərdə daha çox hərbi geyimdə görürük. Bu, hərbi formaya bağlılıqdır, yoxsa necə?
- Fikrimcə, hərbi geyim məndən ötrü ən müqəddəs geyimdir. Sözün düzünü desəm, mülki geyimə uyğunlaşa bilmirəm. Məni soyuqdan da qoruyan, hətta heç kimə möhtac etməyən də hərbi geyimim olub. Bu gün mülki geyim mənə çox yaddir. Hərbi geyim bütün geyimlərin ən gözəlidir, - desəm, lap yerinə düşərdi. Çünki hərbi geyimdən Vətən qoxusu gəlir. Vətən qoxusu gələn hərbi mundirimə yazdığım şeirimi də sizə təqdim etmək istərdim:
Ən müqəddəs geyimimdir
Mənim hərbi mundirim.
Ölərəmsə, kəfənimdir
Mənim hərbi mundirim.
Tarixləri haraylayır,
Zəfərləri soraqlayır,
Tomrisləri haraylayır,
Mənim hərbi mundirim.
Məndən ötrü var-dövlətdir,
Cəvahirət, ləl-zinətdir,
Ölərəmsə əmanətdir
Mənim hərbi mundirim.

- Çox sağ olun, Zəminə xanım, maraqlı müsahibənizə görə sizə təşəkkür edirəm. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
- Mən də sizə və yaradıcı kollektivinizə dərin təşəkkür edirəm. Azərbaycan idmanının keşiyində dayanan bir mətbuat orqanı kimi sizin böyük rolunuz var. Gün o gün olsun ki, "Olimpiya dünyası” qəzetinin ilk səhifəsində xalqımıza şanlı qələbə haqqında oxumaq nəsib olsun!

Azər Əlizadə