İyunun 21-də Rusiyanın paytaxtı Moskvada parataekvondo üzrə 5-ci dünya çempionatı keçirilib. 40 ölkə taekvondoçusunun iştirakı ilə keçirilən yarışda ölkəmizi parataekvondo üzrə yığmamızın üzvləri təmsil ediblər. Qadın taekvondoçulardan Bahar Şıxəliyeva (49 kq) rusiyalı rəqibini məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici görüşdə Türkiyə təmsilçisi Busra Görlə qarşılaşan millimizin üzvü hesabda irəlidə olsa da, döyüşün sonunda qələbəni əldən verərək gümüş medala layiq görülüb. Komandamızın digər üzvü Aynur Məmmədova (-58 kq) əvvəlcə Türkiyə təmsilçisinə qalib gələrək final mərəhələsinə adlasa da, qızıl medal uğrunda Danimarka idmançısı Lisa Gjessingə uduzaraq ikinci olub.