Bugünlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şaolin döyüş sənəti idman növü üzrə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” idman klubunun açıq birinciliyi keçirilib. Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunmuş yarışda 2000-2002, 2003-2005-ci illər təvəllüdlü yeniyetmələr, 1997-1999-cu illər təvəllüdlü gənclər qüvvələrini sınayıblar. Yarışda "Gömrükçü”İK ilə yanaşı, "Sülh” İK, "Polad” İK, "Fighter”, "Şaolin-Sanda”, AAF, "Dəmir Yumruq”, "Murov Dağ”, "Məhəmmədəli” komandalarının, eləcə də Şəki, Şəmkir, Gəncə və Bakının Xətai, Nizami, Sabunçu, Suraxanı rayonlarının komandalarının idmançıları bacarıqlarını nümayiş etdiriblər. Birincilikdə ümumilikdə 130 idmançı (36 gənc, 45 yeniyetmə, 49 kiçikyaşlı) çıxış edib. Yarışda 21 çəki dərəcəsi üzrə mükafatalayiq yer tutmuş idmançılar medal, diplom və hədiyyələrlə təltif olunublar. Komanda hesabında mükafat qazanan komandalara isə kubok təqdim olunub.
Qeyd edək ki, ümumi hesabda gənclər arasında "Gömrükçü”İK birinci yeri tutub. İkinci yerə AAF komandası layiq görülüb. Üçüncü yerdə isə "Sülh” idman klubunun komandası qərarlaşıb. Kiçikyaşlı idmançılar və yeniyetmələr arasında keçirilən yarışlarda "Şaolin-sanda” komandası birinci olub. "Polad” idman klubu ikinci, "Fighter” üçüncü olub. Yarışda həmçinin fərqlənən məşqçi mütəxəssislərə Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Yarışın ən yaxşı hakim adına Ruhi Hüseynov layiq görülüb. Rauf Əliyev ən yaxşı məşqçi, Rauf Gərayzadə ən yaxşı idmançı adını qazanıb.