İyunun 29-da Qəbələ Olimpiya İdman Kompleksində "Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə olaraq, kikboksinq üzrə reytinq xarakterli "Glory Ranked Fights” turniri təşkil olundu. Yarışı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, "Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy, Olimpiya mükafatçıları, ölkəmizin tanınmış idmançıları və digər rəsmi şəxslər birbaşa arenadan izləyirdilər.
Dünyanın məşhur "Eurosport” kanalı, Rusiya və Çinin televiziya kanalları idman şousunu birbaşa yayımladılar. Tədbiri məşhur rinq anonsçusu və şoumeni Aleksandr Zaqorski idarə etdi.
İlk olaraq, rinqə Azərbaycan kikboksçusu Rəhim Əliyev və Daniel Korbeanu (Rumıniya) çıxdı. 5 raund davam edən döyüşdə rəqib idmançı qalib oldu. Əslən azərbaycanlı olan Ukrayna rinq ustası Roman Mayılov polşalı Mateuş Kopieçi 3 hissənin yekununda məğlub etdi.
Möhtəşəm şou-gecədə maraqlı görüşlərdən biri həmyerlimiz Ramal Aslanovla çinli Quo Xianfenq arasında təşkil olundu. Rəqib cəld hərəkət edərək zərbələr endirsə də, kikboksinqçimiz güclü zərbələrlə məsələni elə ilk raundda xeyrinə həll etdi. Almaniyalı Yuri Kel də döyüşü vaxtından əvvəl başa çatdırdı. Telman Süleymanov (Azərbaycan) 2-ci hissədə almaniyalı rəqibinə nokautla uduzdu. Xorvatiyalı Teo Mikeliçlə litvalı Tadas Yonkusun döyüşündə birinci qələbə qazandı.
Sonra ən reytinqli yarış - "Glory Ranked Fights” üzrə döyüşlər keçirildi. Birinci rinqə Lim Çi-Bin (Cənubi Koreya) ilə Mosab Əmrani (Mərakeş) çıxdı. Gərgin mübazə şəraitində keçən döyüşdə afrikalı idmançı elə ilk raundda rəqibini əvvəlcə noqdauna, sonra nokauta saldı. Qalibə kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim etdi. Qeyd edək ki, Əmrani reytinqdə 1-cidir. O, yarışdan bir gün əvvəl verdiyi açıqlamada Azərbaycana öz liderliyini qorumaq üçün gəldiyini bildirmişdi.
Növbəti döyüşdə Pərviz Abdullayev çinli Jiao Fukai ilə qarşılaşdı. Dramatik mübarizədə həmyerlimiz 2-ci hissədə rəqibin qarın nayihəsinə güclü zərbə vurdu. Jiao bu zərbədən sonra nokauta düşdü. Qalibə kuboku "Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov verdi. Bu qələbə ilə idmançımız "Glory” seriyasına vəsiqə qazandı.
Yarımfinal qarşılaşmasında Ramal Aslanov ukraynalı Roman Mayılovla üz-üzə gəldi. İlk hissə idmançımızın üstünlüyü şəraitində keçdi. Növbəti 2 raundda da Ramal təşəbbüsü əldən vermədi. Hakimlərin yekun qərarı idmançımızın lehinə oldu və o, xal hesabı ilə qələbə qazandı.
Yuri Kel ilə Teo Mikeliçin mübarizəsi uzun çəkdi. İlk 3 hissədə qalib müəyyənləşmədi. Əlavə raundda almaniyalı idmançı üstün hesab edildi.
"Glory” seriyasında növbəti qarşılaşma Ərxan Varol (Türkiyə) ilə son çempion Albert Kraus (Hollandiya) arasında təşkil olundu. 3 hissənin sonunda holland idmançı qalib sayıldı.
Ən ağır çəkili kikboksçuların döyüşündə Camal Ben Sadiq (Mərakeş) və Hesdi Qreges (Misir) üz-üzə gəldi. Döyüşdən əvvəl təşkil olunan mətbuat konfransında bu idmançılar arasında gərginlik yaşanmışdı. Belə ki, rinq ustaları bir neçə dəqiqə gözlərini bir-birindən çəkməmiş, onları yarışın təşkilatçıları aralamışdı. Bu güzəştsizlik özünü rinqdə də göstərdi. Camal rəqibinə qaydalardan kənar - o yerdə ikən zərbə endirdiyi üçün baş hakim tərəfindən döyüşdən kənarlaşdırıldı. Misirli idmançıya kuboku Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev təqdim etdi.
Şou gecənin finalında Yuri Kel ilə Ramal Aslanov qarşılaşdılar. İlk 3 raundda idmançımız fəallıq göstərsə də, hakimlər əlavə hissəyə ehtiyac duydular. Ramal yumruqla çox zərbə endirdiyindən, xal ehtiyatını elə də yüksəldə bilmədi. Hakimlər də bəzi məqamlarda ona qarşı ədalətsizlik etdilər. Nəticədə, Yuri Kel yarışın qalibi olaraq, "Glory” seriyasına vəsiqə qazandı. Ona mükafatları Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayev və peşəkar boksçu Fariz Məmmədov təqdim etdilər.