Federasiyanın vitse-prezidenti görüşlər keçirib

Federasiyanın vitse-prezidenti görüşlər keçirib


Bugünlərdə Xorvatiyanın Umaq şəhərində karate üzrə yeniyetmə və gənclər arasında Dünya kuboku yarışı keçiriləcək. Yarışda ölkəmiz Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti İlham Qasımzadənin rəhbərliyi altında təmsil olunur. Qeyd edək ki, yarış ərəfəsində o, Xorvatiyada bir sıra görüşlər keçirib.
Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosla görüşü zamanı İ.Qasımzadə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. O, Azərbaycan karateçilərinin Finlandiyada keçirilən Avropa çempionatında uğurlu çıxışlarını karatenin respublikamızda yüksək səviyyəli inkişafı ilə əlaqələndirib. A.Espionos da öz növbəsində Azərbaycanda karatenin inkişafına göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Beynəlxalq qurum prezidenti Türkiyə karateçiləri ilə keçirilən komandalararası final qarşılaşmasında karateçilərimizin yüksək ustalıq nümayiş etdirdiklərini dilə gətirib. Antonio Espionos Bakı-2015 Avropa Oyunlarına Azərbaycanın hazırlığı ilə əlaqədar mütəmadi məlumatlar əldə etdiyini və noyabrda növbəti dəfə Bakıya səfərinin planlaşdırıldığını qeyd edib.
İlham Qasımzadə həmçinin dünya karatesinin ulduzlarından italiyalı Davido Benettello ilə də görüşüb. Dəfələrlə dünya və Avropa çempionu adını qazanmış D.Benettello İ.Qasımzadəyə karyerasını əks etdirən yeni kitabını təqdim edib. İtaliyalı karateçi Azərbaycan idmançılarının döyüşlərini mütəmadi izlədiyini deyərək karateçilərimizin peşəkarlıqlarını günbəgün artırdıqlarının şahidi olduğunu diqqətə çatdırıb.