Musiqi insan ruhunun qidasıdır. Təbii ki, söhbət gözəl müsiqidən, könül açan melodiyadan gedir. Zövq oxşayan, ürəkləri riqqətə gətirən zövqlü musiqini təəssüf ki, hər musiqiçinin ifasında eşitmirik. Öz "sehirli” barmaqları ilə ifa etdiyi musiqilərə yeni çalarlar gətirən sənətkarlar olduqca azdır.
Gözəl bir kəlam var: sənətkar olmaq üçün sənətkar ruhda doğulmaq lazımdır. Bu, həqiqətən belədir. Bu gün tanıdığımız, sevdiyimiz, qəlblərimizə yol tapan füsünkar musiqilərin ifaçıları sahib olduqları qeyri-adi istedadlarını genlərində daşıyırlar. Allahın sevib-seçdiyi bu insanlar bütün cəhətləri ilə hamıdan fərqlənirlər. Sənəti və səmimiyyəti özlərində birləşdirə bilənlər isə xalqın sevimlisinə çevrilə bilirlər.
Skripka ustası, olduqca səmimi və gözəl ürək sahibi olan Səlim Abbasov da belə sənətkarlardandır. Onun ifasını dinlədikcə adama elə gəlir ki, bu musiqi aləti sehirli gücə malikdir. Lakin mədəniyyəti və səmimiliyi ilə seçilən sənətkarın çaldığı skripkanın sehirli gücü elə ifaçısının barmaqlarındadır... Səhnəyə qədəm qoyduğu gündən böyük pərəstişkar kütləsi toplayan, musiqisevərlərin rəğbətini qazanan Əməkdar artist Səlim Abbasovla görüşüb söhbət etdik. İdmana bağlılığı heç də sənətinə olan vurğunluqdan az olmayan Səlimlə olan müsahibəmizi oxucularımıza təqdim edirik.
- Müsahibəyə hazırlaşarkən, müsahiblə bağlı yazılanları oxuyub araşdırmaq müxbirlər üçün zəruridir. Lakin səninlə bağlı daha geniş məlumat toplamaq üçün buna ehtiyac olmadı. Çünki xarakterindəki üstün cəhətləri müəyyən qədər bilirdim. Sənin sənətin kimi daxili aləmin də olduqca zəngindir. Yəqin ki, çox sevilməyinin əsas səbəbi də elə budur...
- Mən insanlarda səmimiyyətə, düzgünlüyə, ən əsası sədaqətli olmağa üstünlük verirəm. Sadəlik və səmimiyyət ən gözəl xüsusiyyətlərdən biridir. Təkəbbürlü olmaq, insanlara fərq qoymaq islamda bəyənilməyən haldır. Allah sadə olanları sevər. Kobudluq etmək, qəlb qırmaq, necə deyərlər, insanlara yuxarıdan aşağı baxmaq səviyyəli insanlara xas deyil. Mən dünyanın bir çox ölkələrində musiqimizi təmsil etmişəm. Əcnəbi ölkələrdə insanların bir-birlərinə qarşı mədəni münasibəti olduqca xoşuma gəlir. Kim olmalarından asılı olmayaraq insanlar olduqca sadədirlər. Ağac bar verdikcə başını aşağı əyər.
- Səlim, yaxşı olardı ki, oxuculara özünlə bağlı ətraflı məlumat verəsən.
- Mən 1982-ci ildə Siyəzəndə dünyaya gəlmişəm. Gözümü açandan evimizdə musiqi səsi eşitmişəm. Atam Vaqif Abbasov istedadlı qarmon ifaçısıdır. Müxtəlif işlərdə çalışsa da atamın musiqiyə, qarmona olan sevgisi hər şeydən üstün olub. Əmilərim də musiqi ilə məşğul olublar. Ailəmizdə musiqiyə olan bu sevgi təbii ki, mənə və qardaşlarıma da keçməli idi. İstedadlı musiqiçilərin əksəriyyəti bacarıqlarına görə valideynlərinə borcludurlar.
- Musiqiçi ailəsində böyüməyin, yəqin ki, maraqlı uşaqlıq yaşamağına səbəb olub.
- Uşaqlıq dövrüm olduqca maraqlı keçib. Ailə üzvlərim məni kiçik yaşlarımdan konsertlərə, şənliklərə aparırdılar. Nəlbəki, tütək, nağara, piano kimi alətlərdə ifa edə bilirdim. İlk dəfə musiqi məktəbinə məni anam aparıb. Atam hesab edirdi ki, musiqi bacarığım mənə bəsdir.
- Səlim, dedin ki, bir neçə musiqi alətində ifa edə bilirdin. Bəs, musiqi məktəbində hansı alət üzrə təhsil almısan?
- Musiqi məktəbində kamança sinfinə gedirdim. Ailəmizin, əsasən, babamın kamança alətinə böyük sevgisi olub. Bu baxımdan mənim də bu alətin sirlərinə yiyələnməyimi istəyiblər. Musiqi məktəbində 3-cü sinifdə oxuyanda keçirilən musiqi festivalında iştirak etdim və qalib oldum. Daha sonra keçirilən musiqi festivalları mənə uğur gətirdi və yeddi dəfə laureat adını qazandım.
- Yeri gəlmişkən, uğur qazanmağının sirrini nədə görürsən?
- Uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Məşqlər nə qədər çox olsa, insanın özünə inamı, təcrübəsi o qədər çox olar. Məqsədə çatmaq üçün yorulmadan, həvəslə çalışmaq lazımdır.
- Hansı idman növü ilə məşğul olmusan?
- Futbola marağım hədsiz çox idi. Bu idman növü olduqca maraqlıdır. Atam səhər işə gedəndə mən də məhlə uşaqlarına ilə qoşulub futbol oynamağa gedirdim. Komanda yoldaşlarımı çaldıqları fitlərin səsinə görə tanıyırdım. Bilirdim ki, məni çağıran hansı yoldaşımdır. Atam futbol oynamağımın əleyhinə idi. Mən də ondan gizli evdən çıxıb futbol meydançasına qaçırdım. Əvvəlcə ayaqqabılarımı pəncərədən aşağı atırdım, sonra qapını ehtiyatla açıb evdən çıxırdım. Çalışırdım ki, evdən diqqəti çəkmədən çıxım. Elə olurdu ki, 8-10 saat uşaqlarla futbol oynayırdım. Atamın evə gəlməyindən yarım saat qabaq özümü evə yetirirdim ki, hardan gəldiyimi bilməsin. Evə çatan kimi kamançanı çalmağa başlayırdım.
- Bəs, futbol oynamağını atana xəbər verən olmurdu?
- Əlbəttə olurdu (gülür). Anam atama evə gec gəldiyimi və uşaqlarla futbol oynadığımı deyirdi. Atam da onun sözündən çıxdığıma görə möhkəm hirslənirdi. Bəzən buna görə atam məni cəzalandırırdı. Düzünü deyim ki, oxlovla döyüldüyüm günlər az olmayıb. Əslində valideyinlərim mənim yaxşılığımı istəyirdilər. Vaxtımı təhsilə sərf etməyimi tələb edirdilər. İndi başa düşürəm ki, valideyinlərim olduqca düz hərəkət ediblər. Bu gün həyatda qazandığım uğurlara görə onlara borcluyam. Bəlkə də musiqiçi olmasaydım maraqlı həyat yaşaya bilməzdim. Valideynlər hər zaman övladlarına doğru yolu göstərirlər. Mən uşaq olanda idman ölkəmizdə bu qədər inkişaf etməmişdi. İndi idmanla məşğul olmaq üçün hər bir şərait var. Ölkə rəhbərliyi tərəfindən idmana böyük diqqət ayrılır. Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Bütün bunlar ölkəmizin dünyada tanınmasına səbəb olur. Ailəm etiraz etməsə idi, bəlkə də peşəkar idmançı ola bilərdim.
- Yəqin ki, beynəlxalq yarışlara tamaşa edirsən.
- Dünyanın ən möhtəşəm idman yarışı olan Olimpiya oyunlarına, məşhur futbol komandalarının matçlarına baxmağı xoşlayıram. Onu da deyim ki, Olimpiya oyunlarında planetin ən güclü idmançıları yarışırlar. Qələbə qazanan həmyerlilərimizin sevincinə şərik olmaq məni sevindirir. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar idmanın yüksək inkişafından xəbər verir. 2015-ci ildə paytaxtımız ilk Avropa Oyunlarına ev sahibiliyi edəcək. İnanıram ki, bu mötəbər yarışda idmançılarımız uğurlar əldə edəcəklər. İdmançılarımızın qələbə əzmi olduqca böyükdür. Bu əzm onları yeni qələbələrə səsləyir.
- Dostların arasında idmançılar da varmı?
- Əlbəttə, tanınmış idmançılardan bir neçəsi ilə yaxın dostluq əlaqələrim var. Dostlarımla tez-tez görüşürük. Beynəlxalq arenalarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən bütün idmançılarla fəxr edirəm. İdmanı həyatımın ayrılmaz hissəsi hesab edirəm.
- Amma skripkaya olan sevgin idmana olan məhəbəttinə qalib gəldi.
- Əslində, idmanı hər şeydən çox sevirdim. Kamança sinfində oxumağıma, festivallarda birinci yeri qazanmağıma baxmayaraq, skripka məni özünə cəlb edirdi. Bu musiqi alətinə böyük marağım var idi. Təbii ki, kamança Azərbaycanın qədim musuqi alətidir və bu alətə məhəbbətim böyükdür. Lakin kamança ifa edəndə hərəkətlərimə məhdudiyyət qoymalı olurdum. Bu alətdə ifa edərkən bir yerdə oturmaq lazım gəlirdi. Amma mən hərəkət etmək, emosiyamı göstərmək istəyirdim. Bu baxımdan skripka çalarkən özümü olduqca rahat və xöşbəxt hiss edirdim. Bir sözlə, bu alətdə ifa edərkən özümü istədiyim kimi ifadə edə bilirdim. Odur ki, skripkaya daha çox bağlanmışdım. Onu da deyim ki, skripka ilə ilk tanışlığım musiqi məktəbində olub. Lakin o vaxtlar yaşım az olduğundan alətlər arasında seçim edə bilmirdim. Musiqi texnikomunda oxuyanda artıq böyümüşdüm və nə istədiyimi bilirdim. Skripka çalmağı texnikumda oyrənməyə başladım və çox keçmədən bunu bacardım. Gördüm ki, ifam sevilir və çox sayda tədbirlərə, şənliklərə dəvət alıram. Kamança ifa edərkən də el şənliklərinə dəvət alır, tədbirlərdə iştirak edirdim. Lakin skripkaçı kimi tanındıqdan sonra dəvətlər daha da çoxaldı.
- Sən həm də uşaq və qocalar evlərində, hərbi hissələrdə ən çox çıxış edən musiqiçilərdənsən.
- Bu mənim xarakterimdən irəli gəlir. Həyatı təkcə maddi qazanclara görə yaşamaq olmaz. Mənəvi qazanc, maddi qazancdan çox üstündür. Bunu unutmamalıyıq. Qocalar evlərində, hərbi hissələrdə olmaq hər bir vətəndaşın borcudur.
- Maraqlı layihələr həyata keçirdiyini bilirik. Uğurlu hesab etdiyin layihələr hansılar olub?
- Bir çox incəsənət nümayəndələri ilə layihələrimiz olub. Düşünürəm ki, həyata keçirdiyim bütün layihələr maraqlı alınıb. Çox sayda sənət adamları ilə el şənliklərində, tədbirlərdə birlikdə çıxış etmişəm. Bütün bunlar həm səhnə təcrübəmin artmasında, həm də insanları tanımaqda mənə kömək olub. "Natiq ritm qrupu” ilə olan uğurlu layihəmizdən sonra xalq artisti, görkəmli sənətkar Zeynəb Xanlarovanın diqqətini çəkdim və onun ansamblında fəaliyyət göstərdim.
- Yəqin ki, yaddaqalan çıxışların az olmayıb...
- Yaddaqalan çıxışlarım olduqca çoxdur. Xarici səfərlərdə, tədbirlərdə maraqlı xatirələr çox olur. Bakıda keçirilən "Avroviziya” musiqi yarışında kamançada ifa etdim. Bu, olduqca yaddaqalan çıxış oldu. Onu da deyim ki, bu yarışın qalibi olan Aleksandr Rıbakın oxuduğu mahnını ifamda eşitmək istəyənlər çox idi. Mən də çoxsaylı dinləyiciləri nəzərə alıb mahnını ifa etdim. Bir çox məşhur mahnılar var ki, skripkada çalmağımı xahiş edirlər. Təvazökarlıqdan uzaq olsa da deyim ki, belə mahnılar ifamda yaxşı alınır.
- Skripkada ifa etməklə bərabər, bəzən mahnı da oxuyursan.
- Skripkada çalarkan hərdən mahnı da ifa edirəm. "Avroviziya”nın qalibi Aleksandr Rıbakın ifa etdiyi mahnını oxumaq lazım gəlmişdi. Mahnının sözlərini əzbərlədim və oxudum. Baxdım ki, yaxşı alınıb. Bu, məni həvəsləndirdi. Bir çox mahnılar var ki, onları təkcə çalmaq yox, oxumaq da lazım gəlir.
- Səlim, bildiyimiz kimi sən həm də mahnılar bəstələyirsən.
- Mahnı bəstələmək insandan xüsusi bacarıq tələb edir. Bu istedada sahib olmaq, əlbəttə, müsbət haldır. Məşhur mahnıları ifa etməklə bərabər, öz bəstələrimi səsləndirmək mənə olduqca zövq verir. Bəstələdiyim mahnıların sevilməsindən daha da həvəslənirəm. Bu da yeni mahnıların yaranmasına gətirib çıxardır. Bəzən ingilis dilində də oxuyuram.
- Hazırda hansı mahnılar üzərində işləyirsən?
- Hazırda yeni mahnılar üzərində işləyirəm. Güman edirəm ki, dinləyicilər bu mahnıları da bəyənəcəklər. Tədbirlərdə çıxış edərkən insanların üzündəki ifadələrdən, alqış sədalarından mahnının necə təsir bağışladığını hiss edirəm. Çalışıram ki, repertuarımda zövq oxşayan nəğmələr səsləndirim.
- Dövlət tədbirlərində ən çox iştirak edən musiqiçilərdənsən. Bu, əlbəttə ki, təsadüfi deyil. Gənc yaşda əməkdar artist adına layiq görülmək, vətənimizi əcnəbi ölkələrdə təmsil etmək bu zəhmətin bəhrəsidir.
- Mən dövlət tədbirlərində hər zaman böyük həvəslə iştirak etmişəm. Ölkəmizi təmsil etməkdən, musiqimizi tanıtmaqdan qürur duyuram. Əcnəbi vətəndaşlar Azərbaycanın mədəniyyətinə, musiqisinə böyük maraq göstərirlər. Respublikamız mədəniyyəti, tarixi, idmanı ilə dünyada tanınır. Bu gün gənc nəsil üçün hər bir şərait yaradılıb. Ölkə rəhbərliyi tərəfindən bütün sahələrə yüksək diqqət və qayğı göstərilir. Ölkəmizin dünyada tanınması hamı kimi məni də sevindirir.
- Yeri gəlmişkən, musiqimizi hansı ölkələrdə təmsil etmisən?
- Amerika, Hollandiya, Almaniya, Koreya, Fransa, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və digər ölkələrdə musiqimizi tərənnüm etmişəm. Azərbaycan musiqisi hər yerdə maraqla qarşılanıb. Səhnəyə çıxmaq, musiqilər ifa etmək mənə zövq verir. Musiqinin verdiyi xoşbəxtliyi sözlə ifadə etmək çətindir.
- Bəs, səhnədə texniki qüsurla üzləşəndə vəziyyətdən necə çıxırsan?
- Səhnədə texniki qüsurlarla dəfələrlə rastlaşmışam. Buna baxmayaraq heç vaxt özümü itirməmişəm. Yaranan fasilə zamanı tamaşaçılarla ünsiyyət saxlayaraq, lətifə danışaraq vəziyyətdən çıxış yolu tapmışam. Belə hallar məni qorxutmur.
- Həyatda ən çox nədən qorxursan?
- Allahın qəzəbinə tuş gəlməkdən qorxuram. Ürək qırmaqdan, günah işlətməkdən çəkinirəm. Tez-tez özümə hesabat verirəm. Düzdür, bu hesabatdan üzüağ çıxmaq hər insana nəsib olmur, çalışıram ki, savab əməllərim çox olsun. Faydalı işlər görəndə ürəyim rahat olur. Bundan mənəvi zövq alıram.
- Bürclərə inanırsan?
- Bəzən inanıram. Şir bürcünə xas olan bir çox cəhətləri daşıyıram. Diqqət mərkəzində olmağı sevirəm. Deyilənə görə açıq ürəkli biriyəm. Məqsədimə doğru həvəslə irəliləməkdən zövq alıram. Çəkdiyim əziyyətin bəhrəsini görmək məni ruhlandırır.
- "Şirlər” pul qazanmağı, yaxşı yaşamağı sevir. Bəs, xərcləməyi necə?
- Doğrudur. Bu bürcün xüsusiyyətlərindən biri də yaxşı yaşamaq istəyidir. Bunun üçün əvvəlcə yaxşı qazanmaq, sonra xərcləmək lazımdır. Düzünü deyim ki, pul xərcləməyi sevirəm. Lakin yığmağı da bacarıram. Bəzi insanlar pulu özlərindən çox istəyirlər. Belə hal dəfələrlə şahid olmuşam.
- Əsl dost qazana bilmisən?
- Düşünürəm ki, qazana bilmişəm. Sənət aləmində dostlar qazansam da, atamı və qardaşlarımı özümə ən yaxın dost hesab edirəm.
Jalə Rzabəyli