İyulun 13-də "Harley Davidson HOG Baku” klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun informasiya dəstəyi ilə motoskiletçilərimizin "Azərbaycanı tanıdaq!” devizi altında Bakıdan, Dövlət Bayrağı Meydanından başlayan yürüşü başa çatıb.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin rəhbərliyi ilə Bakı-Qroznı-Bakı marşrutu üzrə Rusiya Federasiyasının Çeçenistan Respublikasına yürüş edən azərbaycanlı motoskiletçilər iyulun 13-də vətənə qayıdıblar. Motoyürüşün məqsədi Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdən ibarət olub.
Azərbaycanlı motoskiletçilər Bakıdan iyulun 12-də yola düşərək Çeçenistanın paytaxtı Qroznıya çatıblar. Motoyürüş iştirakçıları Çeçenistanın Seneteroy qəsəbəsində bu respublikanın birinci Prezidenti Əhməd Kadırovun məzarını ziyarət ediblər. Mərhum Prezidentin qardaşı Ahad Kadırov bu qədər məsafəni qət etdiklərinə görə motoyürüş iştirakçılarına təşəkkürünü bildirərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Motoyürüş iştirakçıları Çeçenistanın ictimai-siyasi xadimləri ilə görüşdə Heydər Əliyev Fondunun Azərbaycanın təbliği ilə bağlı hazırladığı əyani vəsaitləri də təqdim ediblər.
Görüşdən sonra Çeçenistan hökuməti tərəfindən yayılan məlumatda iki ölkə arasındakı dostluq münasibətlərinin təməlində bütün Qafqazın şeyxinin mühüm rolu olduğu vurğulanıb.
Xatırladaq ki, bu, motoskiletçilər artıq ikinci yürüşüdür. "Harley Davidson HOG Baku” klubunun "Azərbaycanı Avropada tanıdaq!” devizi altında iyunun 7-dən 21-dək Xorvatiyaya keçirilən on min kilometrlik ilk yürüşü Milli Qurtuluş Gününə həsr olunmuşdu.