Taekvondoçularımız 3 medal qazanıblar
İyulun 24-də Bakıda, Milli Gimnastika Arenasında yeniyetmələr arasında taekvondo üzrə birinci dünya çempionatı başlayıb.
Dörd gün davam edəcək çempionatda dünyanın 65 ölkəsindən 600-dək idmançı birincilik uğrunda mübarizə aparır.
Turnirin ilk günündə kişilər arasında 33, 37 kq, qadınların mübarizəsində isə 29, 33, 37 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Azərbaycan milli komandası çempionatda 18 idmançı ilə iştirak edir. Yeniyetmə taekvondoçularımız baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə mübarizəyə qoşulublar.
Çempionatın birinci günündə dayanq üzərinə çıxan Azərbaycan taekvondoçularından Sevda Pirseyidova (33 kq) və Xəyyam Qasımov (37 kq) ilk görüşdə məğlub olublar.
Qadınların mübarizəsində Nərgiz Mirzəyeva (37 kq) isə ilk görüşdə Saira Dalala (Avstraliya) və sonrakı mərhələdə ukraynalı Evelina Korniyenkoya, rusiyalı Elizaveta Andrianenkoya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda serbiyalı Jovana Atlagicə məğlub olan idmançımız bürünc medalla kifayətlənib.
Kişilərin mübarizəsində isə Məhəmməd Əlizadə (33 kq) ilk görüşdə Tacikistan təmsilçisi Məxmədsəlim Şoxruxu, sonrakı mərhələlərdə isə gürcüstanlı Giorgi Kamarauliyi və rusiyalı Vladimir Lovtsovu məğlub edərək yarımfinala yüksəlib. M.Əlizadə yarımfinalda almaniyalı Ranye Drebesə qalib gələrək finala vəsiqə qazanıb. Finalda rəqibinə məğlub olan idmançımız gümüş medala layiq görülüb.
Minayə Əkbərova (29 kq) Şayana Sarsozaya (Böyük Britaniya) yarımfinala vəsiqə qazanıblar. Minayə Əkbərova bu mərhələdə rusiyalı Elizaveta Rozinaya qalib gələrək finala çıxıb. Həlledici görüşdə rəqibinə məğlub olan idmançımız gümüş medala sahib olub.
Medalları Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço və başqaları təqdim ediblər.
İyulun 25-də Azərbaycan yığmasının beş üzvü - Diana Hacəliyeva (33 kq), Aytən Süleymanova (44 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq) və Ruslan Babayev (49 kq) birincilik uğrunda mübarizəyə qoşulacaqlar.