«İnanıram ki, taekvondoçularımız medallarmızın sayını artıracaqlar».

«İnanıram ki, taekvondoçularımız medallarmızın sayını artıracaqlar».


Milli Gimnastika Arenasında keçirilən yeniyetmələr arasında taekvondo üzrə birinci dünya çempionatı davam edir.
İyulun 25-də oğlanlar arasında 41 kq, 45 kq, 49 kq, qızların mübarizəsində isə 33 kq və 44 kq çəki dərəcələrində idmançılar tatami üzərinə çıxıblar. Komandamızın heyətində beş idmançı - Diana Hacəliyeva (33 kq), Aytən Süleymanova (44 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq) və Ruslan Babayev (49 kq) qalib adı uğrunda mübarizə aparıblar. Təəssüf ki, döyüşçülərimiz mükafatçılar sırasına düşə bilməyiblər. Yarışların gedişi zamanı taekvondo üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Səbuhi Zülfüqarovun yarışla bağlı fikirlərini öyrəndik:
«Bildiyiniz kimi yeniyetmələr arasında taekvondo üzrə dünya çempionatı ilk dəfədir ki, təşkil olunur. Belə yarışın ilk dəfə ölkəmizdə keçirilməsi həm idmançılar üçün, həm də məşqçilər üçün böyük stimuldur. Birinci yarış olduğuna görə idmançılar bir qədər çətinliklə üzləşirlər. Çünki onlar rəqiblərini tanımır və bir- birlərinin güclərinə bələd deyillər. Bununla belə yarışda güclü rəqabət var. Favorit ölkələr çoxdur. Yeniyetmələr arasında hansı ölkənin ən güclü olduğunu müəyyənləşdirmək çətindir. Çempionatda ölkəmiz 18 idmançı (10 oğlan, 8 qız) ilə təmsil olunur. Komandamız yarışlara çox yüksək səviyyədə hazırlaşıb. Bu turnirdən əvvəl idmançılarımız iki təlim-məşq toplanışında iştirak edib. Yarışlara əvvəlcə Bakıda, daha sonra isə Qəbələ Olimpiya İdman Kompleksində hazırlaşmışdıq. Artıq idmançılarımızdan 10-u çempionatda çıxışlarını başa vurublar. Bildiyiniz kimi, dünən keçirilən yarışlarda medallar uğrunda beş əsas idmançımız mübarizəyə qoşuldu. Onlardan Məhəmməd Əlizadə (33 kq), Minayə Əkbərova ( 29 kq) gümüş, Nərgiz Mirzəyeva isə bürünc medala sahib çıxdı. Yəni bu idmançıların hər birinə böyük ümüdlərimiz var idi ki, onlarda ümidləri doğrultdular. Bu tatami üzərinə çıxan idmançılardan ən çox Diana Hacıəliyevanın medal qazanacağına inanırdıq. Filippinli idmançı Ailester Fias İlona qalib gələn idmançımız təəsüüf ki, növbəti görüşdə Türkiyə taekvondoçusuna məğlub olaraq mübarizəni dayandırdı.
Bu gün çıxış edən digər idmançımız Aqşin Abdulov (41 kq) da turnirə yaxşı başlasa da, çıxışının ardını uğurla davam etdirə bilmədi. Sabah daha beş yeniyetmə taekvondoçumuz tatami üzərinə çıxacaq. İnanıram ki, idmançılarımız yarışda uğurla çıxış edərək medallarmızın sayını artıracaqlar».

olimpnews.az