Paytaxtda dünya çempionatı davam edir
Bakıda, Milli Gimnastika Arenasında təşkil edilən taekvondo üzrə yeniyetmələr arasında birinci dünya çempionatının dördüncü – sonuncu günündə oğlanlar arasında 65 kq və 61 kq, qızların mübarizəsində isə 59 kq çəki dərəcələrində qaliblər müəyyənləşdi.
Iyulun 27-də Azərbaycan komandasının üç üzvü - İkram Hüseynov (61 kq), Mehdi Tağıyev (65 kq-dan aşağı) və Orxan Tağızadə (65 kq-dan yuxarı) birincilik uğrunda dayanq üzərinə çıxdılar. Təəssüf ki, taekvondoçularımız mükafatçılar sırasında yer ala bilmədilər.
Azərbaycan komandasının üzvü İkram Hüseynov (61 kq) ilk görüşdə Ahmad Alxatibə (İordaniya) qalib gələrək növbəti mərhələyə adladı. Lakin o, dörddəbir finalda Lusi Osorioya (Meksika) məğlub olaraq turnirdə iştirakını dayandırdı.
Turnirdə 65 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Orxan Tağızadə isə ilk görüşdə qazaxıstanlı Nartay Urazbayevə uduzdu.
Mehdi Tağıyev (65 kq-dan aşağı) isə belaruslu Yevgeni Zabrotskiyə 3 xalla (qızıl xal) qalib gələrək növbəti mərhələyə adladı. O, dörddəbir finalda danimarkalı Vassim El-Jilaliyə məğlub olaraq turnirdə iştirakını yekunlaşdırdı.
Turnirin final mərhələsi də gərgin idman mübarizəsi ilə yadda qaldı. Qızların yarışında Zahra Pouresmaeil (59 kq-dan yuxarı, İran), Kristina Çerina (59 kq-dan aşağı, Xorvatiya), oğlanların mübarizəsində isə Myeong-Gyun Byun (65 kq-dan aşağı, Cənubi Koreya), Mehrdad Xazaeipool (61 kq-dan aşağı, İran), Azar Voghouei Amirhossein (65 kq-dan yuxarı, İran) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Qaliblərə medallar təqdim olundu.
olimpnews.az