Ölkəmiz daha bir dünya çempionatına uğurla ev sahibliyi etdi
Yeniyetmə taekvondoçularımız dünya çempionatında 3 medala sahib çıxdılar
İyunun 27-də Milli Gimnastika Arenasında keçirilən taekvondo üzrə yeniyetmələr arasında birinci dünya çempionatına yekun vuruldu. Yarışın sonuncu günündə oğlanlar arasında 65 kq və 61 kq, qızların mübarizəsində isə 59 kq çəki dərəcələrində qaliblər müəyyənləşdi.
Komandamız çempionatın sonuncu günündə üç idmançı ilə təmsil olundu. İkram Hüseynov (61 kq), Mehdi Tağıyev (65 kq-dan aşağı) və Orxan Tağızadə (65 kq-dan yuxarı) birincilik uğrunda yarışdılar.
Təəssüf ki, taekvondoçularımızdan heç biri mükafatçılar sırasında yer ala bilmədilər. Yığma komandamızın üzvü İkram Hüseynov (61 kq) ilk görüşdə Ahmad Alxatibə (İordaniya) qalib gələrək növbəti mərhələyə yüksəldi. Lakin İkram Hüseynov o, 1/4 finalda Lusi Osorioya (Meksika) məğlub olaraq mübarizəni dayandırdı. Yarışda 65 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Orxan Tağızadə isə ilk görüşdə qazaxıstanlı Nartay Urazbayevə məğlub olaraq çempionatla erkən vidalaşdı.
Mehdi Tağıyev (65 kq-dan aşağı) isə belaruslu Yevgeni Zabrotskiyə 3 xalla (qızıl xal) qalib gələrək növbəti mərhələyə yüksəlsə də, uğurlu çıxışının ardını gətirə bilmədi. O, 1/4 finalda danimarkalı Vassim El-Jilaliyə məğlub olaraq turnirdə iştirakını yekunlaşdırdı.
Qızlar arasında keçirilən turnirin final mərhələsində Zahra Pouresmaeil (59 kq-dan yuxarı, İran), Kristina Çerina (59 kq-dan aşağı, Xorvatiya) birinci yerə layiq görüldülər. Oğlanların mübarizəsində isə Myeong-Gyun Byun (65 kq-dan aşağı, Cənubi Koreya), Mehrdad Xazaeipool (61 kq-dan aşağı, İran), Azar Voghouei Amirhossein (65 kq-dan yuxarı, İran) qızıl medala yiyələndilər. Beləliklə, taekvondo üzrə yeniyetmələrdən ibarət yığma komandamız dünya çempionatını iki gümüş və bir bürünc medalla başa vurdular. Komandamıza gümüş medalları Məhəmməd Əlizadə (33 kq) və Minayə Əkbərova (29 kq), bürünc medalı isə Nərgiz Mirzəyeva (37 kq) qazandırdı.
Qaliblər medallarla təltif olundular.
olimpnews.az