Azərbaycanın 2016-cı ildə "Formula-1 Avropa Qran-pri” yarışına ev sahibliyi etməsi haqqında müqavilə imzalanıb.
Bu müqavilənin imzalanması ilə Azərbaycan özünü dünyanın idman ictimaiyyətinə bir daha tanıtmağa müvəffəq olub.
2016-cı ildə "Formula-1” yarışının Bakıda keçirilməsi ilə bağlı müqavilənin imzalanmasını məmnunluqla qeyd edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkəmiz Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Bu da "Formula-1” yarışları üçün yeni sərhəd deməkdir. Azərbaycan idman diyarı kimi şöhrət qazanmış müasir ölkədir. "Formula-1” yarışının Bakıda keçirilməsi üçün əldə olunan razılıq Azərbaycanın daha bir uğurlu addımıdır.
Nazir A.Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi olaraq Bakının Azadlıq meydanının seçiləcəyini, yarışların isə şəhərimizin Neftçilər prospekti, Hökumət evi və "Qız qalası” kimi əsas mərkəzi hissələrindən keçəcəyini bildirib.
Bu yarışın Bakıda keçirilməsi "Formula-1” təqviminə möhtəşəm əlavə olacaq. Azərbaycanın bu yarış üçün ən möhtəşəm sxem yaratmaq istəyi "Formula-1” şirkətlər qrupunun baş icraçı direktoru Berni Ekklstoun tərəfindən də müsbət qarşılanıb. "Biz Bakının "Formula-1” ailəsinə qoşulmasından məmnunuq. Yarış Bakının maraqlı və mənzərəli hissələrindən keçəcək. Bu tədbir "Formula-1” yarışının mövcud meyarlarına uyğun olacaq”, - deyə o bildirib.