Azərbaycan Milli Karate Federasiyasının yığma komandası dünya çempionatına hazırlaşır. Çempionat noyabrın ilk günlərində Almaniyanın Bremen şəhərində keçiriləcək.
Məlumat üçün bildirək ki, idmançılar təlim-məşqlərini "Şəfa” İdman Sağlamlıq Mərkəzində və Nardaran çimərliklərində keçirirlər. Qazaxıstan yığma komandasının bir neçə üzvü də yarışa idmançılarımızla birgə hazırlaşır.
Qeyd edək ki, komanda baş məşqçisi Rəhman Hətəmovun, məşqçi Rəşad Hüseynovun başçılığı altında məşq edir. Tanınmış karateçilərdən Rəfael Ağayev aldığı zədəyə görə məşqlərdə iştirak edə bilmir. Şahin Atamov isə hazırda Türkiyədə keçirilən seminarda iştirak edir.
Milli komandanı sentyabrın əvvəlində iki yarış gözləyir. Belə ki, karateçilərimiz əvvəlcə İstanbulda premyer liqa turnirində, daha sonra paytaxtımızda keçiriləcək növbəti "Baku Open” turnirində iştirak edəcəklər.