Beynəlxalq turnir karateçilərimizin uğurlu çıxışı ilə yadda qalıb

Beynəlxalq turnir karateçilərimizin uğurlu çıxışı ilə yadda qalıb


Türkiyənin Ərzurum şəhərində karate üzrə 11-ci Beynəlxalq "Palandökən” turniri keçirilib. Azərbaycan karateçiləri yarışdan yüksək nəticə ilə dönüblər. Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımızın bir neçə üzvü, həmçinin müxtəlif regionları təmsil edən bir neçə klub idmançılarının iştirak etdiyi turnirdə Azərbaycan komandası 25 ölkə arasında 2-ci pilləyə yüksəlib. 120 klubu təmsil edən 2100-dən artıq idmançının qatıldığı nüfuzlu yarışda ilk pilləni 1000-dən artıq karateçi ilə yarışa qatılan Türkiyə yığması tutub. Ümümi hesabda üçüncü yeri İran idmançıları qazanıblar.
Əməkdar məşqçilər Anar Abdullayev və Şahin Xudaverdiyevin rəhbərlik etdiyi komandanın tərkibində kumite yarışlarında Murad Hacızadə (+70 kq, 14-15 yaşlı yeniyetmələr), Ülvi Qurbanov (-61 kq, 16-17 yaşlı gənclər) və Fəridə Əliyeva (+59 kq) turnirin qalibi olublar. 17-18 yaşlı gənclər komandasında çıxış edən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin (DİN İC) üzvü Hüseyn Alıyev (-61 kq) gümüş medala yiyələnib. Hümmət Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr), Ruslan Cəfərzadə (-76 kq), Fidan Teymurova (-47 kq) və Aytac Əliyeva (-53 kq) bürünc mükafata sahib çıxıblar. Böyüklər arasında milli komandanın üzvü Əli Cəfərov və Murad Hacızadə (+70 kq) çempion tituluna yiyələniblər. Budəfəki yarışda da bir sıra idmançılarımız hakim ədalətsizliyi ilə üzləşiblər. Məhz bu amil karateçilərimizin yüksək nəticə göstərməsinə mane olub. Bununla belə, böyüklərdən ibarət yığmamızın üzvləri dünyada liderlərdən olduqlarını öz parlaq çıxışları ilə sübut etməyə çalışıblar. İdmançılarımızın əzmkarlığı sayəsində 16-17 yaşlı gənclər arasında 61 kiloqram çəki dərəcəsinin final qarşılaşmasında iki həmyerlimiz üz-üzə gəlib. Hümmət Baxşəliyev (-52 kq) və Fidan Teymurova (-47 kq) isə bürünc medal qazanıblar.
Kumite yarışlarında paytaxt və regionları təmsil edən bir neçə klubun təmsilçiləri də fərqləniblər. "Sərhədçi” İdman Klubundan Elçin Quliyev (10-11 yaşlılar) qızıl, Elvin Cavadzadə gümüş medallara sahib çıxıblar. "Araz” klubundan Samir Salahov (11-12 yaşlılar, -45kq) 1-ci, İmdad Tanrıverdiyev isə 3-cü olub. "Qaraqaplan” klubundan Seyidəli Novruzov (18 yaşlı gənclər, -68kq) 2-ci, "Qızıl əlcək” klubundan Azər Əhmədov (11-12 yaşlılar, -45 kq) və Əvəzağa Səfərov (8-10 yaşlılar, -35 kq) bürünc medal qazanıblar. DİN İC-nin üzvü Emin Məcidov da 3-cü pilləni tutub.
Komanda kumite yarışlarında 11-12 yaşlılar arasında "Qaraqaplan” klubunun yetirmələri Süleyman Novruzov, Rəvan Bağırov, Telman Yusifov və İmdad Tanrıverdiyev, "Qızıl əlcək” klubundan Ruslan Qafarlı, Azər Əhmədov, Samir Salahov və Məcid Zeynalov, həmçinin böyüklər arasında Əli Cəfərov, Pənah Abdullayev, Vüsal İsrafilov və Yusif Əliyev 3-cü yerə layiq görülüblər. Yarışı idarə edən 120 hakimdən 2-si ölkəmizi təmsil edib.
Turnirdə kişilərdən ibarət komandamız ermənistanlı rəqiblərini böyük üstünlüklə məğlub ediblər. "Palandökən” turnirinin komanda kumite yarışlarında komandamızın üzvləri Pənah Abdullayev və Əli Cəfərov erməni rəqibinə heç bir şans vermədən 7:0 hesablı qələbə qazanıblar. Komandanın heyətində həmçinin Yusif Əliyev və Vüsal İsrafilov da yer alıb.
Karateçiləriminzin iştirak edəcəyi növbəti yarış sentyabrın 12-13-də paytaxtımızda keçiriləcək V "Baku Open” beynəlxalq turniri olacaq.