Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında ölkəmizə ilk qızıl medal qazanmış Səid Quliyevlə (73 kq) birbaşa telefon əlaqəsi yaratdıq. İdmançımız fikirlərini «olimpnews.az» saytı və «Olimpiya dünyası» qəzeti ilə bölüşdü: - Üzərimdə böyük məsuliyyət hissi var idi. Həm şəxsi məşqçim, həm də yığma komandanın məşqçilərinin rəhbərliyi altında yarışa ciddi hazırlaşmışdım. Rəqiblərimin bir neçəsinin döyüş üslubuna bələd idim. Qarşılaşmalarım gərgin keçdi. Yarışa ancaq qələbə qazanmaq üçün çıxmışdım. Şükürlər olsun ki, mənə bəslənilən ümidləri doğrultdum. Bu uğurumda payı olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə bizə yaradılan şəraitə görü xüsusi təşəkkür edirəm. Məşqçilərimə və valideynlərimə mənə verdikləri dəstəyə görə minnətdaram. Taekvondo üzrə ilk Olimpiya qızılını qazandığım üçün çox sevinirəm. İnanıram ki, tezliklə böyüklər arasında da taekvondo üzrə Olimpiya çempionumuz olacaq. Bu yarışda iştirak etmək mənə çox şey qazandırdı. Yeniyetmələrin Olimpiya Oyunları böyük idmana gedən yolda mənim üçün çox əhəmiyyətli bir yarış idi.
Məlumat üçün bildirək ki, 1997-ci il iyulun 19-da anadan olan Səid Quliyev taekvondo üzrə ikiqat Azərbaycan çempionudur. Taekvondoçumuz 2012-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən 8-ci beynəlxalq turnirdə, 2013-cü ildə Hollandiya və İspaniyada keçirilən açıq çempionatlarda qızıl medal qazanıb. İdmançımız bu il Birləşmiş Ərəb Əmirliyində təşkil olunan "Fujairah Open” turnirində birinci, İsveçdə keçirilən "Trelloborq Open” turnirində ikinci olub. Təmsilçimiz 2014-cü ildə Çində keçirilən gənclər arasında dünya çempionatında ikinci yeri tutub. Səid Quliyev Nankin Olimpiya Oyunlarına lisenziyanı 2014-cü ilin mart ayında Tayvanın Yeni Taypey şəhərində təşkil olunan gənclər arasında lisenziya xarakterli Təsnifat Turnirində ikinci yeri tutmaqla qazanıb.